““İdrak” liseyində baş verən hadisə həqiqətən çox üzücüdür. Hesab edirəm, bu cür hallar sadəcə cinayət aktı deyil, daha geniş sosial və psixoloji səbəblər mövzusudur. Bu gün gənclərə münasibətdə psixoloji dəstəyin gücləndirilməsinə çox böyük ehtiyac var. Zənnimcə, məktəblərdə təhlükəsizliyin təmin olunması məsələsi böyük önəm kəsb edir. Bunun üçün birmənalı olaraq giriş və çıxışda ciddi nəzarət sistemi qurulmalı, məktəbə yalnız şagirdlər, müəllimlər və icazəli olan şəxslər buraxılmalıdır. Turniketlər, kart sistemi təmin olunmalıdır ki, giriş-çıxışın nəzarəti həyata keçirilə bilsin. Dərs vaxtı məktəbdən icazəsiz çıxışa tamamilə qadağa qoyulmalıdır. Təbii ki, bu, kənar şəxslərin və təhlükəli əşyaların da qarşısını alacaq. Düşünürəm, hətta bəzi hallarda çantaların da seçmə üsulla yoxlanılması çox vacibdir. Şübhəli davranış zamanı dərhal reaksiya verilməlidir. Lazım gəldikdə hətta metal detektorları da qoşulmalıdır. Burada önə çəkilən əsas məqsəd riskin minimallaşdırılmasıdır”.
1xeber.media xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib.
Deputat bildirib ki, təhlükəsizlik qurğularından istifadə edilməsi baş verə biləcək cinayətlərin qarşısının alınması üçün kifayət qədər lazımlı mexanizm kimi tətbiq oluna bilər: ““İdrak” liseyində baş verən hadisə bir daha məktəbdə real işləyən psixoloqların rolunu artırır. Hesab edirəm, real işləyən psixoloqlara ehtiyac var. Burada psixoloqlar, eləcə də müəllimlər, məktəbin rəhbərliyi belə uşaqlara yanaşmada çox diqqətli olmalıdır. Müəllim şagirdin davranışlarına vaxtında reaksiya verməlidir. Adətən hadisələrin çoxu əvvəlcədən hər hansı siqnallar verir. Yetərlidir, həmin şagirdi dinləyəsən, onun davranışına, dərsə münasibətinə diqqət yetirəsən ki, belə hadisələrin qarşısını almaq mümkün olsun. Elə uşaqlar var, dərs zamanı, məktəbdə özlərinə qapanır, aqressiya nümayiş etdirirlər. Stressli olan şagirdlər var. Bütün bunlar müəllimlər və məktəbin digər əməkdaşları, psixoloqları tərəfindən diqqətə alınmalı, bunu ilkin baş verə biləcək hər hansı hadisənin ilkin simptomları kimi dəyərləndirməlidirlər. Digər önəmli məsələ müəllim-şagird münasibətləridir. Bu gün belə halların baş verməməsi üçün müəllim-şagird münasibətləri sağlamlaşdırılmalıdır. Buna ciddi ehtiyac var. Təhqirin, zorakılığın, psixoloji gərginliyə salmağın məntiqi nəticəsi belə hallara aparıb çıxarır. Şagirdin stressdə, qorxu içində olması gələcəkdə məktəbə, öz müəlliminə münasibətdə gərginliklə qeyri-adekvat hərəkətlər edə biləcəyinə əsas yaratmış olur. Bu gün yeniyetmələri psixoloji gərginliyə, stressə salan səbəblərin biri də kompüter oyunlarıdır. Kompüter oyunları yeniyetmə və gənclərə çox mənfi təsir göstərir. Elə oyunlar var ki, həqiqətən, yeniyetmələrdə aqressiya formalaşdırır. Belə oyunlara məhdudiyyət, qadağa qoyulmalıdır. Bir sıra hadisələrin baş verməsinin səbəbi də məhz burdan qaynaqlanır”.
S.Vəliyev valideynlərin də rolu və məsuliyyətinin böyük olduğunu deyib: “Valideyn evdə valideyn olmaqla yanaşı psixoloq da olmalı, uşağın psixoloji vəziyyətini qiymətləndirməli, buna laqeyd münasibət göstərməməlidir. Məktəblə öz övladının psixoloji durumu haqqında bölüşməlidir. Məktəb bunu təkbaşına edə bilməz. Valideyn də uşağının xüsusilə keçid dövründə psixoloji vəziyyətinin düzgün qiymətləndirilməsi üçün çox diqqətli olmalıdır. Birmənalı olaraq, övladının həmin yaş dövründə psixoloji durumunun nədən ibarət olduğunu məktəbə mütləq çatdırmalıdır ki, məktəb də öz növbəsində həmin şagirdə yanaşmanı düzgün qura bilsin”.
Deputat bildirib ki, bu gün cəmiyyətdə məktəblərin polis əməkdaşları tərəfindən qorunması məsələsi də müzakirə mövzusudur: “Düşünürəm, bu, doğru olmaz. Çünki məktəb birinci növbədə hərbi zona deyil. Məktəb məhz peşəkar mühafizəçilər tərəfindən təhlükəsiz sosial məkan kimi qorunmalıdır. Hər bir məktəbin qarşısında polis postunun yerləşdirilməsi, polis əməkdaşları tərəfindən qorunması şagirdlərdə gərginlik formalaşdıra, qorxu yarada bilər. Buna görə də peşəkar mühafizəçilərin olmasını daha düzgün hesab edirəm”.

















