Son illər Azərbaycanda əczaçılıq məhsullarına tələbat artmaqda davam edir. Statistik göstəricilər isə bu sahədə maraqlı dinamikanı ortaya qoyur: idxalın həcmi azalır, amma dəyəri artır.
2025-ci il ərzində ölkəyə 527,2 milyon dollar dəyərində 17,3 min ton əczaçılıq məhsulu idxal edilib. Bu, 2024-cü illə müqayisədə dəyər ifadəsində 19,7 milyon dollar və ya 3,9 faiz artım deməkdir. Lakin miqdar baxımından idxal 2,9 min ton və ya 14,2 faiz azalıb. 2024-cü ildə isə 507,6 milyon dollar dəyərində 20,1 min ton məhsul gətirilmişdi.
Orta idxal qiymətində isə ciddi artım qeydə alınıb. 2025-ci ildə 1 kiloqramın orta qiyməti 30,49 dollar (51,83 manat) olub. Bu göstərici 2024-cü ildə 25,19 dollar (42,83 manat) idi. Beləliklə, illik müqayisədə 21 faiz bahalaşma baş verib.
2026-cı ilin yanvar ayında ölkəyə 47,3 milyon dollar dəyərində 1 459 ton əczaçılıq məhsulu idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər (8,7 faiz), həm də miqdar (45,5 faiz) baxımından azalma deməkdir. Bununla belə, ümumi idxalda əczaçılıq məhsullarının payı 2,53 faizdən 3,63 faizə yüksəlib.
Rəqəmlər göstərir ki, idxal olunan məhsulların fiziki həcmi azalsa da, qiymət artımı ümumi dəyəri və idxaldakı payı artırır.
Bəs dərmanlar necə ucuzlaşa bilər?
Səhiyyə iqtisadiyyatı üzrə ekspert Nərmin Abbaslı mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Təqdim etdiyiniz statistikadan görünür ki, ölkəyə gətirilən dərmanların çəkisi azalsa da, onlara ödənilən məbləğ və vahid çəkiyə düşən xərc ciddi şəkildə artıb. Dərmanların ucuzlaşması üçün bir neçə real həll yolu var. İlk öncə deyim ki, yerli bazarda idxal diversifikasiyası və rəqabət təşkil olunmalıdır. Əgər bazar bir neçə böyük idxalçının əlində cəmləşirsə, qiymət rəqabəti zəifləyir. Daha çox şirkətin birbaşa istehsalçıdan dərman gətirməsinə şərait yaratmaq və alternativ bazarlardan, məsələn, keyfiyyətli, amma daha ucuz seqmentli ölkələrdən idxalı asanlaşdırmaq lazımdır. Azərbaycan əczaçılıq məhsullarının böyük hissəsi idxaldan asılı vəziyyətdədir. Bu isə o deməkdir ki, biz təkcə dərmanın özünə deyil, həm də xarici logistika, gömrük rüsumları və digər ölkələrin inflyasiyasına pul ödəyirik. Pirallahı Sənaye Parkı kimi layihələrin tam gücü ilə işə düşməsi və xarici brendlərin - məsələn, Türkiyə, Rusiya və ya Avropa şirkətlərinin burada zavod açması qiymətləri 20-30% aşağı sala bilər”.
Digər ucuzlaşdırma təklifindən danışan ekspert dərmanlara tətbiq edilən 18% ƏDV-nin ləğv olunması və ya daha aşağı ƏDV faiz dərəcəsi tətbiq edilməsi məsələsinə toxunub: “Qiymət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi də dərmanların ucuzlaşmasına səbəb ola bilər. Hazırda Tarif Şurası dərmanların yuxarı hədd qiymətlərini müəyyən edir. Lakin statistikada gördüyümüz 21%-lik bahalaşma göstərir ki, xarici bazarda baş verən artımlar daxili bazara birbaşa təsir edir. Qiymətlərin müəyyən edilməsində "referans ölkə" sisteminin daha çevik tətbiqi və marja (qazanc faizi) zəncirinin yenidən nəzərdən keçirilməsi lazımdır. Növbəti həll yolu kimi generik dərmanlara üstünlük verilə bilər. Tanınmış brend dərmanlar (orijinal) həmişə baha olur. Eyni tərkibli, lakin fərqli markalı generik dərmanların təşviqi və həkimlərin reseptdə ticarət yəni marka adını deyil, təsiredici maddənin adını yazması insanların dərman xərclərini azalda bilər. Həm də İcbari Tibbi Sığorta çərçivəsində ambulator müalicə üçün nəzərdə tutulan dərman paketinin genişləndirilməsi insanların səhiyyəyə əlçatanlığını daha da artıra bilər. Vətəndaş dərmanı aptekdən alanda sığorta onun böyük hissəsini və ya hamısını qarşılasa, real xərc kəskin azalmış olar”.

















