Dünyanın ən nəhəng və mürəkkəb layihələrindən olan Cənub Qaz Dəhlizi bu gün
Avropanın enerji təhlükəsizliyində strateji önəm kəsb edir. Azərbaycanın təşəbbüsü və iştirakı
ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP
Azərbaycan qazının Avropa bazarına nəqlini uğurla təmin edir. Azərbaycan Prezidentinin
qətiyyəti və müdrik rəhbərliyi ilə həyata keçirilən bu layihənin uğurla icrasında Cənub Qaz
Dəhlizi Məşvərət Şurasının iclasları mühüm rola malikdir. Bu platforma tərəfdaşlarla birgə
səmərəli müzakirələrin aparılmasına, mühüm qərarların qəbul olunmasına dəyərli töhfə verib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 4-cü iclasları martın 3-də keçirilən iclasında dövlətimizin başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən
bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı
olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz
tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan
qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha
geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə
verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək
mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət
kəsb edirdi”.
Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sektorunda da iddialı hədəflər müəyyən
edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata
keçirir. “Yaşıl enerji” mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji
strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan
enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi
müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin
payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın “Yaşıl enerji” potensialı gündəlikdə duran
əsas məsələdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi,
“cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat
gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata
keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir.
2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir
neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə
işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz
Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə
nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft
qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanacaqdır.
“İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını
gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid”
yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir”, – deyən dövlətimizin
başçısı əlavə edib ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını
gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard
kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.
Elçin Qiyasov,
Mil-Muğan Regional Gənclər və İdman idarəsinin rəisi

















