Müctəba Xameneyinin hakimiyyətə gəlməsi sadəcə növbəti siyasi tranzit deyil. Bu, İranın ideoloji əsaslarının dağılmasıdır.
İranda hakimiyyətin atadan oğula keçməsi onilliklər boyu qəti qadağa sayılırdı. Bu qadağa yalnız hüquqi norma deyildi. Bu, rejimin özünü doğrultmaq üçün yaratdığı böyük siyasi mif idi.
1979-cu il inqilabı yalnız bir rejimi devirmədi. O, bütöv bir siyasi modeli məhv etdiyini iddia edirdi. Ayətullah Ruhullah Xomeyni şah Məhəmməd Rza Pəhləvini devirdikdən sonra İran cəmiyyətinə bir ideoloji vəd verdi: bu ölkədə artıq heç vaxt hakimiyyət irsən ötürülməyəcək.
Şah dövrü İran siyasətində “qanla hakimiyyət” modelinin simvolu idi. Pəhləvilər dövləti ailə mülkiyyətinə çevirmişdilər. İslam Respublikası isə iddia edirdi ki, yeni sistem “vilayət-i fəqih” prinsipi üzərində qurulub və burada hakimiyyət yalnız dini nüfuza və siyasi qabiliyyətə əsaslanmalıdır.
Konstitusiya da bunu açıq şəkildə təsbit edir.
İranın əsas qanununa görə ali lideri seçmək səlahiyyəti 88 nəfərdən ibarət Ekspertlər Şurasına məxsusdur. Bu qurum dini elitanın seçilmiş nümayəndələrindən ibarətdir və nəzəri olaraq lideri istənilən vaxt vəzifədən kənarlaşdıra bilər.
Hətta konstitusiyada xüsusi mexanizm də mövcuddur. Əgər lider vəfat edərsə və ya vəzifəsini yerinə yetirə bilməzsə, ölkəni müvəqqəti olaraq prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Ekspertlər Şurasının nümayəndəsi idarə etməlidir.
Yəni sistem irsi hakimiyyət ideyasını hüquqi baxımdan tamamilə istisna etməli idi.
Məhz buna görə də uzun illər Müctəba Xameneyinin atasının yerinə keçəcəyi ehtimalı ciddi qəbul olunmurdu.
Bəli, onun adı siyasi kulislərdə tez-tez çəkilirdi. Reuters, Associated Press və digər beynəlxalq agentliklər onun illər boyu lider aparatında qeyri-rəsmi təsirə malik olduğunu yazırdı. Analitiklər qeyd edirdilər ki, Müctəba xüsusilə SEPAH ilə güclü əlaqələr qurub.
SEPAH - yəni İslam İnqilabı Keşikçiləri Korpusu - sadəcə hərbi qurum deyil. Bu struktur İranın ən güclü siyasi və iqtisadi institutlarından biridir.
SEPAH-a bağlı şirkətlər İran iqtisadiyyatının nəhəng sektorlarını nəzarətdə saxlayır. Enerji layihələri, liman infrastrukturu, telekommunikasiya, tikinti və hətta bank sektorunda onların təsiri çox böyükdür. Bəzi tədqiqatlara görə, bu struktur birbaşa və dolayı yollarla ölkə iqtisadiyyatının 30-40 faizinə qədər hissəsini nəzarətdə saxlayır.
Müctəbanın əsas gücü məhz burada idi.
Amma onun ciddi zəif tərəfləri də var idi.
O heç vaxt seçkili vəzifə tutmayıb. İran parlamentində, hökumətdə və ya dini iyerarxiyada yüksək mövqedə olmayıb. O, açıq siyasi platformaya malik deyil və cəmiyyət qarşısında çıxış edən lider kimi formalaşmayıb.
Başqa sözlə, onun legitimliyi həmişə sual altındaydı.
Normal siyasi şəraitdə bu faktorlar onun qarşısında ciddi maneə yarada bilərdi. Ruhani elitanın bir hissəsi bunu dini ənənələrin pozulması kimi qiymətləndirə bilərdi. Dövlət aparatının bir hissəsi konstitusiyanın pozulduğunu iddia edərdi. Cəmiyyət isə bunu 1979-cu il inqilabının ruhuna xəyanət kimi qəbul edə bilərdi.
Amma tarix çox vaxt məhz fövqəladə vəziyyətlərdə yazılır.
Liderin qəfil aradan götürülməsi bütün siyasi balansı dağıtdı.
Hakimiyyət piramidasının zirvəsi birdən yoxa çıxanda rejimlərin instinkti dəyişir. Belə vəziyyətdə əsas məsələ ideoloji legitimlik deyil, siyasi sabitlik olur.
Sistem dərhal özünə sual verir: bu boşluğu kim daha tez doldura bilər.
Müctəba bu baxımdan ideal fiqur idi.
O, sistemin içindən çıxmışdı. O, təhlükəsizlik strukturlarına yaxşı tanış idi. Və ən vacibi - SEPAH daxilində ona etibar edən güclü qruplar var idi.
Bu məqamda siyasi məntiq çox sərt işləyir.
Əgər ölkə xarici təhdid altında olduğunu düşünürsə, daxili mübahisələr lüksə çevrilir. Müxalif mövqelər dərhal “milli birliyə zərbə” kimi təqdim edilir.
Məhz buna görə də hakimiyyət tranziti son dərəcə sürətlə baş verdi.
SEPAH və ordunun yeni liderə sədaqət andı faktiki olaraq bütün müzakirələrə son qoydu.
Bu hadisə İran siyasətində yeni mərhələnin başlanğıcıdır.
Əli Xameneyi uzun illər müxtəlif siyasi qruplar arasında balans siyasəti yürüdürdü. O, həm sərt ideoloqları, həm də praqmatik texnokratları sistem daxilində saxlayırdı.
Müctəba isə fərqli siyasi məktəbin məhsuludur.
Onun arxasında dayanan əsas güc təhlükəsizlik aparatıdır.
Bu isə bir şeyi göstərir: İran dövlətinin strukturunda artıq hərbi-təhlükəsizlik bloku dominant mövqeyə yüksəlib.
Proses ölkə daxilində repressiv aparatın güclənməsinə gətirib çıxaracaq.
Hakimiyyət tranziti dövründə rejimlər adətən preventiv siyasət aparır. Potensial təhlükə hesab edilən bütün siyasi qruplar nəzarət altına alınır.
İran artıq bu istiqamətdə hərəkət edir.
Paradoks ondadır ki, belə sistemlər qısa müddətdə daha stabil görünə bilər. Onlar böhran şəraitində daha sərt və sürətli qərarlar qəbul edə bilir.
Amma uzunmüddətli perspektivdə bu model dövlətin elastikliyini məhv edir.
Rejim getdikcə daha qapalı və daha ideoloji olur.
İranın qarşısında indi çox təhlükəli paradoks dayanır.
1979-cu ildə monarxiyanı devirmiş sistem bu gün faktiki olaraq öz dinastiyasını yaradır.
Sadəcə fərq ondadır ki, bu dəfə taxt-tac “kral qanı” ilə deyil, “inqilabın təhlükəsizliyi” ilə əsaslandırılır.
Və əgər bu model möhkəmlənsə, Yaxın Şərq yaxın onilliklərdə daha sərt, daha militarizə olunmuş və daha qapalı İranla üz-üzə qalacaq.
Elçin Alıoğlu

















