Azərbaycanın paytaxtı təkcə regional deyil, həm də Avrasiya miqyasında dialoq,
əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas mərkəzlərdən biri kimi
tanınır. Bu reallığın arxasında isə uzaqgörən siyasi kurs, balanslı xarici siyasət və ölkəni
qlobal tərəfdaşlıqların vacib iştirakçısına çevirən dövlət başçısının ardıcıl düzgün strategiyası
dayanır. Ölkəmizin qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol və regionda yaratdığı
yeni geosiyasi reallıqlar Bakını Brüssel üçün əvəzolunmaz tərəfdaşa çevirib. Məhz bu
kontekstdə 2026-cı il martın 11-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə Antonio Koşta
arasında keçirilən görüş və verilən bəyanatlar Avropa İttifaqı Şurası ilə Azərbaycan
münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi
qiymətləndirilə bilər. Bu səfər sadəcə diplomatik bir protokol deyil, həm də Avropanın
Azərbaycana olan etimadının növbəti nümayişidir.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni
reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan
regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Buna görə də müxtəlif
dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə
əməkdaşlığa can atır. Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq
platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə
əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Artıq bütün dünya qəbul edir ki,
Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək
işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə
regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.
Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı
arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər
ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli
dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın
genişlənməsindən xəbər verir. İqtisadi göstəricilər də bu dinamikanı aydın şəkildə təsdiqləyir.
Prezidentin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət
dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının
Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir. Tərəflər münasibətlərin
daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradaraq yenilənmiş Azərbaycan-Aİ
tərəfdaşlıq prioritetlərinin qəbul edilməsi, ikitərəfli gündəliyi daha da zənginləşdirmək üçün
güclü iradə nümayiş etdirirlər. Enerji amili Aİ-yə üzv ölkələrlə sıx münasibətlərin güclənməsinə
töhfə verməklə siyasi-iqtisadi əməkdaşlığın diversifikasıyasını da təmin edir, dayanıqlı etimad
platformasını formalaşdırır. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji
sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə hüquqi təminat baxımından baza
rolunu oynayır. Dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli dövlət statusu qazanmış
Azərbaycan Avropa bazarını artım potensialına malik region kimi müəyyənləşdirməklə
genişlənən nəql imkanları fonunda Cənub Qaz Dəhlizinin ixrac qabiliyyətini də gücləndirmək
niyyətindədir. Hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə qaz nəql edən
ölkəmiz bu yüksək etimad və mühüm tərəfdaşlığa görə, Avropa Komissiyası tərəfindən Pan-
Avropa enerji təminatçısı kimi qəbul edilir. Növbəti iki-üç il ərzində əlavə olaraq 10 milyard
kubmetr qaz nəqlinin planlaşdırılması Aİ ilə birgə ixrac infrastrukturlarının daha dayanıqlı
vəziyyətdə saxlanılmasını labüd edir ki, Antonio Koştanın səfəri zamanı bu hədəf prioritetinə
diqqət çəkilib. Külək, Günəş və su elektrik enerjisi üzrə geniş potensiala malik olan
Azərbaycan yaxın 5–6 il ərzində ixrac üçün hazır olan 6–8 giqavatlıq bərpaolunan enerji gücü
yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində
isə günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir. Bu istiqamətdə
Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dənizaltı enerji kabelləri və yeni enerji infrastrukturu
layihələri müzakirə olunur ki, bu da gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün yeni
imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda
formalaşan yeni sülh mühitidir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, dövlət
başçısının qeyd etdiyi kimi, ölkə yalnız son yeddi ay ərzində tam sülh şəraitində yaşamağa
başlayıb. Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi regionda yeni geosiyasi
reallıqların formalaşmasına şərait yaradıb. Artıq iqtisadi əməkdaşlıq istiqamətində də konkret
addımlar atılır. Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb, eyni
zamanda digər ölkələrdən Ermənistana yönələn yüklərin Azərbaycan ərazisindən tranziti üçün
məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar yalnız siyasi bəyanatlar deyil, real əməkdaşlıq
nümunələri kimi sülh prosesinə praktiki məzmun qazandırır. Orta Dəhliz və yeni iqtisadi
imkanlar da zamanın prioritet mövzularındandır. Avropa İttifaqı, eyni zamanda, Azərbaycanla
təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair
yeni çərçivə üzərində işləyir. Bu, gələcəyə birgə baxışa dair güclü siqnal verir. Tərəflər üçün
prioritet sahələrdən olan müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi
də mühüm mesajlardan biri kimi diqqətdədir.
Siyasi iradə, iqtisadi potensial və sülhə yönəlmiş siyasət Azərbaycanın Avropa ilə
münasibətlərini daha da dərinləşdirəcək əsas faktorlar kimi qiymətləndirilə bilər.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru















