Qurum rəsmisi deyir ki, bu günə kimi 2500-dən çox şəxs işlə təmin olunub və...
“İndiyədək həyata keçirilən sosial islahatlar dörd milyondan çox vətəndaşımızı əhatə edib və dövlət büdcəsindən əlavə olaraq bu məqsədlə hər il yeddi milyard manat vəsait xərclənib. Builki sosial islahatları da əlavə etsək, artıq cari ildən başlayaraq sosial məqsədlərə ildə 8,5 milyard manat vəsait xərclənəcək. Bunu açıqlamasında (Azərtac) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O əlavə edib ki, Prezidentin elan etdiyi beşinci sosial islahatlar paketi çərçivəsində minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya 40 manat artırılaraq 320 manata çatdırılıb: "Beləliklə, 2025-ci il üçün dövlət büdcəsində sosialyönümlü xərclər 17 milyard manatı keçdi. Bu isə bütövlükdə dövlət büdcəsinin 41 faizi deməkdir. Bu kimi tədbirlər - daimi pensiyaların, orta aylıq əməkhaqqının artması, bütövlükdə əməkhaqqı fondunun böyüməsi vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına gətirib çıxarır.
Musa Quliyev dövlətin apardığı sosial siyasətin bir istiqamətinin də aktiv sosial müdafiə tədbirləri olduğunu qeyd edərək deyib: “Yeni iş yerlərinin açılması, vətəndaşlarımızın məşğulluq imkanlarının genişləndirilməsi, xüsusən gənclərin və ilk peşə fəaliyyətinə başlayan şəxslərin peşə hazırlığının aparılması, onların daha çox tələb olunan və daha çox əməkhaqqı verilən ixtisaslara yönləndirilməsi istiqamətində də kifayət qədər işlər görülür. Məsələn, bu məqsədlə 2025-ci ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti ötən ilə nisbətən 9,5 faiz artırılıb. Pensiya təminatının, vətəndaşlarımızın ehtiyacı olan müavinət və təqaüdlərin təmin olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri də bu il ötən ilə nisbətdə 1,5 faiz artırılaraq 7,7 milyard manata çatıb. Beləliklə, 2025-ci ilin dövlət büdcəsi xərcləri 41 milyard manata və bütövlükdə icmal büdcənin xərcləri isə 48 milyard manata çatıb ki, bu da müstəqilliyimizin son illərinin ən yüksək büdcəsidir”.
Bəs işğaldan azad olunan ərazilərdə məskunlaşma, əhalinin işlə təmin olunma prosesi necə gedir? Bu vaxta qədər nə qədər insan işlə təmin olunub? Əsasən hansı sahələr bu bölgə üçün prioritetdir?
Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, bu ərazilərdə ümumilikdə 8517 nəfər (2228 ailə) daimi məskunlaşıb. Əhalinin məskunlaşdığı əsas bölgələr bunlardır: Füzuli şəhəri: 822 ailə (3132 nəfər), Laçın şəhəri: 570 ailə (2090 nəfər), Zabux kəndi: 217 ailə (823 nəfər), Sus kəndi: 59 ailə (215 nəfər), Zəngilan rayonu, Ağalı kəndi: 175 ailə (871 nəfər), Şuşa şəhəri: 204 ailə (763 nəfər), Talış kəndi: 20 ailə (90 nəfər).
Qeyd edək ki, məskunlaşma prosesi davam edir və əhalinin qayıdışı üçün infrastrukturun yaradılması istiqamətində işlər sürətlə aparılır. Gələcəkdə daha çox vətəndaşın doğma yurdlarına qayıdışı planlaşdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddin qızı mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, hazırda “Böyük Qayıdış” proqramının icrası uğurla davam edir: “Artıq işğaldan azad olunan ərazilərin sakinləri öz doğma yurdlarına köçürülür. Sakinlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı təmin edildikcə diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də həmin ərazilərdə məşğulluğun təmin olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən artıq həmin ərazilərdə əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır. Görülən işlərin nəticəsi olaraq artıq 4 minə yaxın şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 2500-dən çox şəxs işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır. Artıq 130-a yaxın şəxs işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Doğma yurdlarına qayıdan vətəndaşlardan 200-ə yaxın sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar da yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Ötən il həmin ərazilərdə daha 6, yanvar ayında isə 2 yarmarka keçirilib”.
Qurum rəsmisi “İşğaldan azad olunan ərazilərdə işəgötürülənlər daha çox hansı sahələrə yönləndirilir, hansı sahəyə tələbat daha çoxdur”, sualına da cavab verib: “Təbii ki, burada işə götürülənin təqdim etdiyi vakansiyadan asılıdır. Amma nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərdə daha çox tikinti-quruculuq işləri, xidmət sahələri üzrə əməkdaşlara ehtiyac ola bilir. Daha çox yönləndirmə bu istiqamətlər üzrədir”.
Yazını hazırladı: Afaq MİRAYİQ