Jurnalist və videobloger Bahadur Seyidov deyib ki, “Nimesil” hepatitə, qaraciyər çatışmazlığına və sirroza səbəb olur. Onun sözlərinə görə, 2002-ci ildə İspaniyada, Finlandiyada, 2007-ci ildə İrlandiyada, Sinqapurda bu dərmanın satışı dayandırılıb. Hətta Avropanın rəsmi sağlamlıq saytında da “Nimesil”ə yanaşmanın birmənalı olmadığını qeyd edib. Adıçəkilən dərman haqdakı iddialar nə dərəcə realdır?
Əksər ölkələrdə qadağan edilən, sağlamlığa ziyan vurduğu deyilən “Nimesil”in Azərbaycanda niyə satışına icazə verilir?
Bundan başqa, Azərbaycanda dərmanlara hansı qurum nəzarət edir?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla “Nimesil” dərmanı ilə bağlı iddiaların doğru olduğunu qeyd edib.
Onun sözlərinə görə, məlumatlar əsasən internet üzərindən yayılır:
“Bəli, “Nimesil” dərmanı dünyanın əksər ölkələrində qadağan edilib. Bu, onun tərkibindəki əsas elementin və ya dərman əlavəsinin qara ciyərə neqativ təsiri ilə izah edilir. Əlimizdə dəqiq məlumatlar yoxdur, yalnız internet məlumatları var. Həmin preparat bizdə Səhiyyə Nazirliyində qeydiyyatdan keçib. Sadəcə, dərman Avropa istehsalı olduğuna görə burda da qeydiyyatdan keçib. Amma fikrimcə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı ortaya rəy qoyubsa, yəqin biz də buna adekvat reaksiya verməliyik”.
Adil Qeybulla deyib ki, dərmanların keyfiyyət parametrlərinə nəzarət Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən olunur:
“Qeydiyyatdan da onlar keçirir, reystrə də bu qurum salır. Amma dərmanların ölkədəki miqdarı, dövriyyəsi və digər məsələlər bir çox faktorlardan asılıdır. Təəssüf ki, Azərbaycan dərman bazarı zaman-zaman xeyli problem yaşayıb. COVID-19 vaxtı biz bunun şahidi olduq. Dərmanların fasiləsiz ölkəyə tələbat üzrə axınını təmin etmək üçün Səhiyyə Nazirliyi müəyyən işlər görməlidir ki, bu dərmanları gətirən kommersiya şirkətlərinə sifarişlər verilə və ya onu gətirən şirkətlər bu işi təmin edə bilsinlər”.