Ölkə idman mediasında son aylarda “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurovun adı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə bağlı xəbərlərdə tez-tez hallanmağa başlayıb.
Görüşdə adı yox, amma fotoda var idi
Xatırlatmalarla başlayaq: 8 may 2025-ci il tarixində AFFA ilə Azərbaycan İdman Akademiyası (AİA) arasında əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib. Görüş barədə AFFA-nın rəsmi saytında məlumat dərc olunsa da, diqqətçəkən məqam ondan ibarət idi ki, fotolarda “Azərlotereya”nın mətbuat və KSM rəhbəri Seymur Teymurov da yer almışdı – amma onun adı press-relizdə qeyd olunmamışdı.
Bundan da maraqlısı, qısa müddət sonra həmin fotolar AFFA saytından çıxarılıb, Seymur Teymurov isə görüntülərdən “kəsilib”. Məsələni gündəmə gətirən sportliqa.az yazır ki, fotolardakı bu dəyişiklik səbəbi açıqlanmayıb və AFFA-nın mətbuat xidməti mediaya cavab verməyib.