“Prezidentin Qırğızıstana səfərinə Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yeni mərhələsi kontekstində daha geniş baxmaq lazımdır. Bu səfər yalnız ikitərəfli siyasi və iqtisadi maraqlara deyil, həm də yeni layihələrin inkişafına və tərəflər arasında dialoqun genişləndirilməsinə xidmət edir. Eyni zamanda, səfər Türk dünyası çərçivəsində yeni imkanların yaranması baxımından da böyük əhəmiyyət daşıyır”.
Bu fikirləri politoloq Ramiyə Məmmədova 1xeber.media-ya açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasında keçirilən görüş və aparılan dialoq Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin genişləndirilməsi, Orta Dəhlizin inkişafı və regionun geosiyasi əhəmiyyətinin artırılması baxımından mühüm rol oynayır:
“Hər iki ölkənin Türk dünyasına daxil olması da bu əməkdaşlığa əlavə strateji məna verir. Azərbaycan Qırğızıstan üçün Avropaya çıxış imkanları yaradan mühüm tərəfdaş, Qırğızıstan isə Azərbaycan üçün Mərkəzi Asiyaya açılan əsas qapılardan biri kimi çıxış edir. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın energetika, kənd təsərrüfatı, logistika, ticarət, yeni layihələr və təhlükəsizlik kimi müxtəlif istiqamətlərdə genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan hazırda Orta Dəhlizin əsas iştirakçılarından və Asiya ilə Avropanı birləşdirən mühüm logistika mərkəzlərindən biridir. Ölkənin coğrafi mövqeyi onu həm Qafqaz regionu, həm də daha geniş beynəlxalq nəqliyyat və logistika sistemində əhəmiyyətli haba çevirir”.
O qeyd edib ki, Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri olan Qırğızıstan da Azərbaycan üçün strateji əhəmiyyət daşıyır:
“Qırğızıstan üzərindən Mərkəzi Asiya və Çin bazarlarına çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın logistika və ticarət potensialını artırır. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxış Qırğızıstan üçün də yeni iqtisadi imkanlar yaradır. Türk dünyasının iqtisadi baxımdan getdikcə daha da genişlənməsi və inteqrasiya proseslərinin sürətlənməsi də Azərbaycan-Qırğızıstan əməkdaşlığının əhəmiyyətini artırır. Bu baxımdan iki ölkənin nəqliyyat, logistika, ticarət və digər sahələrdə birgə layihələr həyata keçirməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Türk dünyasının iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Beləliklə, Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq yalnız postsovet məkanında iki dövlətin əməkdaşlığı çərçivəsində qiymətləndirilmir. Bu əlaqələr Türk dünyasının genişlənən iqtisadi və siyasi əməkdaşlıq platformasının mühüm istiqamətlərindən birinə çevrilir. Orta Dəhlizin inkişafı, qarşılıqlı investisiyaların artırılması, yeni logistika marşrutlarının yaradılması və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi isə iki ölkəni daha yaxın strateji tərəfdaşlara çevirir”.
Aysel Timur

















