“Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü hər zaman sülh gündəliyi ilə bağlı olur. Sülh sazişinin imzalanması Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlıdır. Ona görə də bu istiqamətdə müəyyən bir pauza yaranıb. Lakin sülh gündəliyi saziş olmadan belə inkişaf edir”.
Bunu politoloq Fərhad Məmməd 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, Ən vacib mövzulardan biri Zəngəzur dəhlizinin bir hissəsi olan TRİP layihəsinin həyata keçirilməsidir:
“Bu görüş əsnasında Ermənistan tərəfi Azərbaycan tərəfini rəsmi şəkildə məlumatlandıracaq ki, bu istiqamətdə işlər hansı yerdədir və nə vaxt konkret infrastruktur işləri başlaya bilər.
Digər tərəfdən, gündəlikdə olan iqtisadi münasibətlərin genişləndirilməsi, vətəndaş cəmiyyətinin kontaktlarının artırılması və sülh gündəliyindəki digər məsələlər, ələlxüsus sərhədlərin müəyyən olunması istiqamətində işlərin aparılması müzakirə edilə bilər. Yəni Azərbaycan-Ermənistan arasında nə məsələlər varsa, nümayəndə heyətləri elə formalaşdırılıb ki, ikitərəfli münasibətlərə aid olan bütün məsələləri müzakirə etmək mümkündür”.
Aysel Timur

















