Etibarnamə vətəndaşa müəyyən hüquq və səlahiyyətlərini başqa şəxsə həvalə etmək imkanı verən notariat sənədidir. Bununla belə, verilmiş səlahiyyətlərin sonradan dayandırılması üçün ayrıca notariat prosedurunun həyata keçirilməsi tələb olunur. Etibarnamənin ləğvi zamanı vətəndaşdan xidmət haqqının alınması isə bəzi hallarda narazılıq doğurur.
Məsələ barədə 1xeber.media-ya açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, etibarnamənin ləğvi ilə bağlı xidmətin həyata keçirilməsi üçün müəyyən edilmiş notariat proseduru mövcuddur:
“Sözügedən məbləğ isə etibarnamənin ləğvinə görə ayrıca ödəniş deyil, notariat əməliyyatı üçün müəyyən edilmiş dövlət rüsumu, xidmət haqqı və bank komissiyasından ibarətdir. Xidmət çərçivəsində etibarnamə vermiş şəxs etibarnaməyə xitam verilməsi barədə, adına etibarnamə verilmiş şəxs isə həmin etibarnamədən imtina etməsi barədə notariat qaydasında təsdiqlənmiş ərizə təqdim etməlidir. Burada adına etibarnamə verilmiş şəxs dedikdə, etibarnamə üzrə sonuncu etibar edilən şəxs nəzərdə tutulur. Etibarnaməyə xitam verilməsi üçün elektron xidmət zamanı əvvəlcə xitam veriləcək etibarnamə siyahıdan seçilir. Daha sonra məlumatların düzgünlüyü təsdiqlənir və müəyyən edilmiş qaydalara uyğun videoçəkiliş həyata keçirilir. Növbəti mərhələdə xidmət üzrə ödəniş edilir və müraciət notariusa göndərilir”.
O bildirib ki, müraciət və videoyazı notarius tərəfindən yoxlanılır:
“Məlumatların qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən edildikdə sənəd təsdiqlənir və bu barədə müraciət edən şəxsə bildiriş göndərilir. Ödənişlərə gəlincə, ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 3 manat müəyyən edilib. Ölkəxarici müraciətlər üzrə dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir. Bundan əlavə, xidmət zamanı bank tərəfindən müəyyən edilən komissiya da tətbiq oluna bilər. Beləliklə, etibarnaməyə xitam verilməsi zamanı vətəndaşın ödədiyi məbləğ yalnız “ləğvetmə haqqı” kimi qiymətləndirilməməlidir. Buraya notariat əməliyyatı üzrə dövlət rüsumu, xidmət haqqı və tətbiq olunduğu halda bank komissiyası daxildir”.
Aysel Timur

















