Noyabrın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhər və yaşayış məntəqələrində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişini yerində nəzərdən keçirib.
1xeber.media xəbər verir ki, icra başçısı Liman şəhərində, Hirkan və Gərmətük qəsəbələrində olub, aparılan infrastruktur yenilənməsi, küçələrin abadlaşdırılması və ərazilərin müasir şəhərsalma tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərlə yerində tanış olub. Taleh Qaraşov işlərin keyfiyyətlə və müəyyən olunmuş müddətdə başa çatdırılması, sakinlərin rahatlığının və gündəlik tələbatlarının nəzərə alınması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Bildirilib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində Lənkəranda da şəhər mühitinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin estetik görkəminin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda şəhərin bir sıra küçə və prospektlərində, park və ictimai məkanlarında təmir-bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.
Aparılan işlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha 33 küçədə də kompleks abadlıq və bərpa tədbirləri həyata keçirilir. Bu tədbirlər yol infrastrukturunun yaxşılaşdırılmasını, yaşayış ərazilərinin abadlaşdırılmasını, ictimai məkanların yenilənməsini və şəhər mühitinin daha rahat, təhlükəsiz və müasir standartlara uyğun formalaşdırılmasını nəzərdə tutur.


































