Dənizkənarı Milli Park "Green Flag Award" beynəlxalq mükafatına layiq görülüb.
Həmin məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın "Green Flag Award"a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib.
"Green Flag Award” mükafatını almaq üçün əlin cibində olmalıdır. Lakin bununla işimiz yoxdur və məqsədimiz bu mükafatın nüfuzunu sual altına almaq deyil. Amma mükafatın hansı kriteriyalar üzrə (parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu və s.) verildiyini görəndə bəzi sualların yaranması da təbiidir.
Ən azı ona görə ki, Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayevin məhkəməsi hələ bitməyib və ona qarşı irəli sürülən rəsmi ittihamlarda bu kriteriyaların az qala hamısının kobud şəkildə pozulmasından bəhs olunur.
Xatırladaq ki, İlqar Mustafayev 2024-cü ilin yanvarında vəzifəsindən azad edilib. Bundan sonra Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlamasına başlayıb. 2024-cü ilin sentyabr ayında isə İqar Mustafayev həbs edilib.
Rəsmi ittihamda qeyd edilir ki, İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etmə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.