1xeber.media Musavat.com-a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barədə aparılan istintaq çərçivəsində yeni adların üzə çıxdığı iddia olunur. Etibarlı, lakin hələlik rəsmi təsdiqlənməmiş mənbələrin məlumatına görə, istintaq orqanları Mehdiyevin ətrafında formalaşdığı iddia edilən siyasi dairənin strukturu və üzvlərini araşdırır. Həmin dairədə ən diqqət çəkən şəxslərdən birinin də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov olduğu bildirilir. Bəzi iddialara görə o, Mehdiyevin xəyanət kadrosunun İKİNCİ SİMAsıdır.
Məlumatlara əsasən, Mehdiyevin barəsində irəli sürülən “dövlət çevrilişinə cəhd”, “dövlətə xəyanət”, habelə “külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılması” kimi ağır ittihamlar çərçivəsində aparılan araşdırmalar, təkcə onun şəxsi fəaliyyətini deyil, eyni zamanda mümkün təşkilatlanmış qrup modelini də araşdırmağa yönəlib. Hüquq mühafizə orqanlarının versiyasına görə, belə ittihamlar tək nəfərlə həyata keçirilə bilməz, bu isə ətrafda koordinasiyalı siyasi şəbəkənin mövcudluğu ehtimalını gücləndirir.
İddia edilən “Dövlət Şurası” modeli
İstintaq materiallarında yer alan və mətbuata sızan sənədlərdə, Ramiz Mehdiyevin ölkədə yeni idarəçilik modeli – Prezidentlik institutunun zəiflədilməsi və 7 il müddətinə fəaliyyət göstərəcək “Dövlət Şurası”nın yaradılması layihəsini hazırladığı göstərilir. Sənədlərdə bu şurada 50 nəfərlik tərkibin formalaşdırılması nəzərdə tutulurdu.
Mənbələrin Musavat.com-a bildirdiyinə görə, Oqtay Əsədovun adı həmin potensial siyahıda “ikinci ən önəmli fiqur” kimi keçir.
Bu məlumat rəsmi strukturlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.
Oqtay Əsədov – Moskva körpüsü
Azərbaycan informasiya məkanında artıq uzun müddətdir ki, Oqtay Əsədovun Rusiyada geniş biznes şəbəkəsinə malik olduğu ilə bağlı məlumatlar yayılır. Bu iddialara görə, keçmiş spikerin Rusiya inşaat sektoru, enerji və logistika dairələri ilə sıx əlaqələri mövcuddur və bu əlaqələr onun Moskva siyasi dairələrində tanınmasına səbəb olub.
Həmçinin mediada, Əsədovun ailə üzvlərinin də Moskva və Sankt-Peterburqda müxtəlif kommersiya layihələri idarə etdiyi qeyd edilir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, ictimai-siyasi diskursda geniş müzakirə mövzusu olaraq qalır. İddialar Əsədovlar ailəsi tərəfindən təkzib olunmayıb.
Daxil olan başqa məlumatlara görə, Mehdiyev şəbəkəsində adı çəkilən digər fiqurlardan biri də iş adamı və sabiq deputat Əsabil Qasımovdur. Onun da Rusiyada olduqca geniş maliyyə fəaliyyətinə malik olduğu bildirilir. Bu məsələ ilə bağlı növbəti yazılarda daha geniş məlumat təqdim olunacaq.
Hazırda rəsmi strukturlar nə Oqtay Əsədov, nə də sadalanan digər şəxslərlə bağlı istintaq tədbirlərinə dair açıqlama vermir. Lakin Mehdiyevin özünün və ailə üzvlərinin yayılmış məlumatları təkzib etməməsi, hüquqi müdafiə komandasının isə tam susqunluq mövqeyi tutması prosesin ciddiliyini təsdiqləyir. Müşahidəçilər bildirirlər ki, gələn həftədən – bayram tətili başa çatdıqdan sonra – istintaqın yeni mərhələyə keçməsi və sensasiyalı həbslərin baş verməsi ehtimalı yüksəkdir.
Sonda Musavat.com obyektivlik naminə bildirir ki, Oqtay Əsədovun siyasi yolu Ramiz Mehdiyevlə münasibətlərində müxtəlif mərhələlərdən keçib. 2005-ci ildə spiker seçildiyi ilk illərdə Əsədov, Prezident Administrasiyasının rəhbəri olmasına baxmayaraq, Ramiz Mehdiyevi “saymamış”, onun kabinetə çağırılma tələblərini qəbul etməmiş və siyasi davranışda müstəqil mövqe nümayiş etdirmişdi. Lakin sonrakı illərdə münasibətlər tədricən yaxınlaşmış, xüsusilə 2020-ci ildə spikerlikdən ayrıldıqdan sonra Əsədov Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Mehdiyevlə tez-tez görüşməyə başlamış, Akademiyanın binasında dəfələrlə onun kabinetinə getmişdir. İddialara görə, məhz həmin dövr ərzində iki fiqur arasında siyasi koordinasiya xətti formalaşıb.
Oqtay Əsədov 1955-ci ildə anadan olub, su və sənaye-kommunal təsərrüfatı sektorunda fəaliyyət göstərib, uzun müddət “Azərsu” ASC-nin rəhbəri vəzifəsində çalışıb. 2005-ci ildən 2020-ci ilədək Milli Məclisin sədri olub. Onun siyasi karyerası boyunca “texnokrat” və “şəbəkə qurucusu olmayan fiqur” kimi təqdim edilməsi indi istintaq iddiaları fonunda yenidən qiymətləndirilir.

















