Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən başlanılmış cinayət işi üzrə məhkəmə Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
1xeber.media xəbər verir ki, sabiq PA rəhbəri xüsusilə ağır cinayətlərdə ittiham olunur. Belə ki, R.Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Cinayəti sübuta yetiriləcəyi halda Ramiz Mehdiyevin əmlakının müsadirə edilməsi də mümkündür. Çünki onun barəsində irəli sürülmüş 193-1.3.2-ci maddə əmlakın müsadirəsini də nəzərdə tutur.
Ramiz Mehdiyevin nələri var?
Prezident Administrasiyasının sabiq rəhbərinin həddən artıq böyük sərvətə sahib olduğu barədə illərdir müxtəlif iddialar mövcuddur. Açıq mənbələrdə Ramiz Mehdiyevə və onun ailə üzvlərinə aid edilən əmlakların yalnız bir hissəsi belədir:
- R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda ümumilikdə 216 hektar əkin təyinatlı torpaq sahəsi var. Novxanı kəndindəki 155 hektar torpaq “Mehdiyevlərə məxsus” kimi tanınır. Ailənin Goranboyun Xınalı kəndində 50 hektarlıq bağı da mövcuddur.
- Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus 892 sot, qızı Kamilə Əliyevaya isə məxsus 240 sot torpaq sahəsi var.
- Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindəndir. 2008-ci ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Teymur Əliyev küçəsi 25A-dır. “Digital Media” MMC “Medya FM” radiosunun sahibidir.
- Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, 11 ünvanındakı mənzili “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanı kimi göstərilib.
- Dilarə Əliyeva küçəsi 251A ünvanında Mehdiyevlər ailəsinə və onların yaxın çevrəsinə aid edilən iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC fəaliyyət göstərir. Ailəyə həmçinin “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur.
“Astoriya Tibb Mərkəzi” 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir. “Qrandezza” ticarət mərkəzi isə Bakının Nizami küçəsində yerləşir və 5 min kvadratmetrdən çox sahəni əhatə edir.
- R.Mehdiyevin gəlini Bank BTB ASC-nin əsas səhmdarıdır – 75% paya malikdir. Yəni bankın 50 milyon manatlıq kapitalının əksər hissəsi ona məxsusdur. Bank BTB ASC eyni zamanda “BTB Lizinq” və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-lərin də təsisçisidir.
- “Şərq-Qərb” nəşriyyatı da Mehdiyevlərə aiddir. Əhmədli qəsəbəsində, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən nəşriyyatın ərazisində dördbloklu, 16 mərtəbəli yaşayış binası inşa edilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC tikib. “Şərq-Qərb” ASC-nin orbitində “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC kimi digər şirkətlər də var.
- R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzlərinə şərik olduğu barədə iddialar da mövcuddur.
- Bakının Tiflis prospektindəki dəbdəbəli villa bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villa Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri kimi göstərilir.
- R.Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər rayonlarda çoxsaylı villalara sahib olduğu da iddia olunur.
Əlbəttə ki, bu Ramiz Mehdiyevin böyük varidatının çox kiçik və ictimaiyyətə bəlli olan bir hissəsidir.
Əmlak müsadirəsi necə həyata keçirilir?
Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a bildirib ki, əmlak müsadirəsi istintaqın ən son mərhələsində mümkündür:
“İstintaqa cəlb olunmuş şəxsin əməlindən asılı olaraq onun əmlakları müsadirə oluna bilər. Bunun üçün istintaq dövründə ilk növbədə həmin əmlaklar üzərinə həbs qoyulur. Məhkəmə hökm çıxardıqdan və hökm qanuni qüvvəyə mindikdən sonra əmlak müsadirə olunur. Əgər iş üzrə konkret zərərçəkmiş şəxslər varsa, onlar istintaq dövründə bu statusu almalıdırlar ki, məhkəmənin hazırlıq iclasında mülki iddia qaldıra bilsinlər. Bu halda vurulmuş zərər Ramiz Mehdiyevdən alınaraq zərərçəkənlərə ödənilə bilər”.
“Ramiz Mehdiyev təkbaşına çevriliş edə bilməz”
Əkrəm Həsənov qeyd edib ki, Ramiz Mehdiyev vəzifədə olduğu illərdə və hətta vəzifədən getdikdən sonra belə məhkəmələrə təzyiq göstərməklə çoxsaylı qanunsuzluqlara yol verib.
“2000-ci illərin əvvəlində “Oxford” məktəbinin sahibləri tam başqa şəxslər idi. O zaman Ramiz Mehdiyevin baldızı və Rasim Məmmədov həmin məktəbi zorla onların əlindən aldılar. Pulu ödəmədilər, tələb edəndə isə hədələdilər. Bütün bunlar Ramiz Mehdiyevin adından edilirdi. Biz sonradan bu məsələ ilə bağlı məhkəməyə müraciət etdik, lakin instansiyalar onun adını eşidib bizi eşitmədilər. Məhkəmə sistemi hələ də Ramiz Mehdiyevdən çəkinir”.
Vəkil əlavə edib ki, 87 yaşlı Ramiz Mehdiyev təkbaşına dövlət çevrilişinə cəhd göstərə bilməz:
“Bu miqyasda addım üçün həm maliyyə, həm də güc lazımdır. Mehdiyevin ailəsinin milyonları, hətta milyardları var. Qalır güc amili. Azərbaycanda güc yalnız hüquq-mühafizə strukturlarındadır. Görünür, o, həmin qurumlardakı bəzi şəxslərin dəstəyinə ümid edib. Belə bir cəhdin arxasında xarici qüvvələrin dayanması da istisna deyil”.
“Əmlaklar dövlətə deyil, qanuni sahiblərinə qaytarılmalıdır”
Əkrəm Həsənov bildirib ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar son dərəcə ciddi xarakter daşıyır:
“O, 87 yaşında olduğu üçün bu gün ev dustaqlığındadır. Əks halda həbs olunardı. Amma onun ətrafından həbslərin olacağına şübhə yoxdur. Mənim arzum budur ki, Ramiz Mehdiyev məhkəmə hökmü qüvvəyə minənədək yaşasın və qanuni hökmü öz gözləri ilə görsün. Qanunsuz yolla əldə etdiyi əmlaklar dövlət nəfinə deyil, əsl sahiblərinə qaytarılmalıdır”.
“Ramiz Mehdiyevin ailə üzvləri vəzifələrdən getməlidirlər”
Vəkil həmçinin bildirib ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev hazırda Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutur və etik baxımdan bu postu tərk etməlidir:
“Timur Mehdiyevin atası kifayət qədər ağır ittihamlarla üz-üzədir. O, vəzifədə qalmaqla dövlətə mənəvi zərbə vurur. Belə hallarda ailə üzvləri könüllü şəkildə vəzifələrindən getməlidirlər”.
Əkrəm Həsənov onu da istisna etmir ki, Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev də istintaqa cəlb oluna bilər. Onun sözlərinə görə, illərdir məhkəmələrdə və icra strukturlarında Ramiz Mehdiyevin kadrları qalmaqdadır və bu kadrlar onun xeyrinə qərarlar qəbul ediblər.
“Bu işlərə yenidən baxılmalı, hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının yenidən araşdırılması üçün Ali Məhkəmənin Plenumu mexanizmdən istifadə etməlidir. Ramiz Mehdiyevlə bağlı istintaq çoxşaxəli olacaq və onun əmlaklarının müsadirəsi tamamilə mümkündür”.