Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC olub. Müqaviləyə əsasən, şirkət Şuşa şəhərinin D-3 massivində yerləşən ərazidə ikinci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bu işlər üçün Qoruq İdarəsi tərəfindən şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik vəsait ödəniləcək...
Məlumatlara görə, hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik məbləğində vergi borcu mövcuddur. Buna baxmayaraq, “DİLER İNŞAAT” QSC dövlət satınalmalarında aktiv iştirak edir və iri məbləğli tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, son 5 il ərzində şirkət 10 tenderin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq vəsait əldə edib.
Şirkət əsasən tikinti sektorunda fəaliyyət göstərir. Onun fəaliyyəti yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı, tikinti materiallarının satışını da əhatə edir. Şirkətin təqdim etdiyi məlumatlarda onun “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak etdiyi qeyd olunur

















