"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən "Sirr-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.
1xeber.media xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 218.735,74 AZN-ə çatıb.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əzimov Mahmud Nizami oğludur.
Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı "Sirr-M" MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.

















