Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə İcra Hakimiyyətində araşdırmalara başlayıb.
Yoxlama Hesablama Palatasının müraciəti əsasında aparılır. Çünki qurum Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlayıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.
“Yeni Sabah” yoxlamalarla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb, lakin zənglərə cavab verən olmayıb.
Gəncədən seçilən deputatlar Naqif Həmzəyev, Musa Quliyev, Müşfiq Cəfərov və Pərvin Kərimzadə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Onların heç biri sualları cavablandırmayıb.
Yoxlamalar aparıldığı bir dövrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iş başında deyil. Onun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Çinin Çindao şəhərinə gedib.

















