Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.
1xeber.media xəbər verir ki, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.
Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
















