Bura Göyçay rayonudur, Nizami küçəsi. Gördüyünüz bu çoxillik şam ağacları neçə illərdir bu küçəyə gözəllik verir, oksigen verir. Amma indi bu ağaclar göz görə-görə, işgəncə ilə məhv edilir. İnana bilməyəcəksiniz, amma kimlərsə bu ağacların gövdəsini qəsdən deşib, içinə kislota, yəni turşu tökürlər. Məqsəd nədir? Ağacı kökündən, içindən yandırıb qurutmaq!
Bəs bu vəhşiliyi kim və niyə edir? Əslində hər şey göz qabağındadır. Tam bu ağacların düz yanında böyük bir obyekt tikilir. Görünür, bu nəhəng şam ağacları kiminsə biznes planına, tikəcəyi obyektin fasadına mane olub. Ağacı kəsməyə icazə ala bilməyəcəklərini bildikləri üçün çox hiyləgər və qəddar bir yol seçiblər: gizlicə kislota töküb qurudurlar ki, sabah bəhanə eləsinlər ki, 'ağac özü qurumuşdu, məcburub kəsdik'. Bu, sadəcə özbaşınalıq deyil, bu, təbiətə qarşı edilən açıq-aşkar cinayətdir!
İndi isə gələk əsas suallara. Buradan həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həm də Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edirik. Hörmətli rəsmilər, bu boyda küçənin ortasında, hər gün yüzlərlə insanın keçdiyi yerdə ağacların içinə kislota tökülür, qəsdən məhv edilir. Siz bunu doğrudanmı görmürsünüz? Bu obyektin sahibi kimdir ki, qanunları belə rahatca heçə saya bilir? Kim bu insana bu cür cəsarət verir?
Biznes qurmaq, obyekt tikmək olar, amma bunu təbiəti, Göyçayın gözəlliyini zəhərləyərək etmək olmaz! Ekologiya Nazirliyi təcili bura nəzarət etməli, bu ağacları xilas etmək üçün ekspertlər göndərilməlidir. O kislota tökən şəxslər isə qanun qarşısında cavab verməlidir. Bu məsələnin sonuna qədər təqibçisi olacağıq, gəlin ağaclarımızın göz görə-görə qətl edilməsinə səssiz qalmayaq.















