Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib
1xeber.media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarlarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.














