Bura Samux Rayon Mərkəzi Xəstəxanasıdır. Dövlət tərəfindən tikilib istifadəyə verilən müasir binada hər cür şərait var. Amma bu gün burada ən vacib şey çatışmır – xəstəyə baxacaq həkim. Vətəndaşların üzləşdiyi son hadisə isə rayondakı səhiyyə sisteminin hansı acınacaqlı vəziyyətdə olduğunu bir daha ortaya qoyur.
Həyat yoldaşının doğuş vaxtı çatdığı üçün təcili xəstəxanaya gələn vətəndaş gözlənilməz reallıqla qarşılaşıb. Doğum şöbəsində hamilə qadını qəbul edəcək, vəziyyətini yoxlayacaq bircə nəfər də olsun tibb heyəti tapılmayıb. Üstəlik, tibbi yardıma ehtiyacı olan həmin qadın vətən uğrunda canından keçən şəhidimizin bacısıdır. Maraqlısı isə odur ki, kömək istəyən ailəyə xəstəxanadan absurd bir cavab verilib: 'Şöbədəki bütün həkimlər məzuniyyətə gedib'.
Verilən bu cavab rəsmən insanın ağlı ilə lağ etməkdir. Səhiyyə qaydalarına görə, bir tibb müəssisəsində növbəli sistem fəaliyyət göstərməlidir. Necə ola bilər ki, rayonun yeganə mərkəzi xəstəxanasında doğum şöbəsinin bütün heyəti eyni vaxtda məzuniyyətə buraxılır? İndi bu çarəsiz ailə nə etməlidir? Dünyaya gələcək körpə həkimlərin işə qayıtmasını gözləməlidir, yoxsa bu özbaşınalığın içində ananın və uşağın həyatı təhlükəyə atılmalıdır? Doğuş və təcili tibbi yardım insan gözləmir.
Samux Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin bu cür plansızlığı və işinə qarşı laqeydliyi birbaşa vətəndaşın həyatı ilə oynamaqdır. Buradan TƏBİB və Səhiyyə Nazirliyinə səslənirik. Doğuş vaxtı çatmış hamilə qadını, bir şəhid bacısını həkim yoxdur deyərək taleyin ümidinə buraxan bu rəhbərlik haqqında hansı tədbirlər görüləcək? Rayon sakinlərinin sağlamlığı kimlərinsə məzuniyyət keyfinə qurban verilə bilməz. Bu məsələyə dərhal hüquqi qiymət verilməli və günahkarlar cəzalandırılmalıdır.














