Göygöl Rayonunda Şok Korrupsiya İddiaları: Xəstəxana və Digər Qurumlarda Nələr Baş Verir?
Göygöl Rayon Mərkəzi Xəstəxanasında 175 min manatlıq tender maxinasiyası, saxta əlillik dərəcələri və işə qəbul üçün yığılan minlərlə manat rüşvət... Fövqəladə Hallar Nazirliyinin yerli strukturunda 300 min manatlıq dələduzluq şəbəkəsi... Redaksiyamıza müraciət edən vətəndaş Göygöl rayonundakı bir sıra vəzifəli şəxslər barəsində şok iddialar irəli sürüb.
Redaksiyamıza Göygöl rayonunda fəaliyyət göstərən bəzi rəhbər şəxslərin fəaliyyəti ilə bağlı ciddi iddiaları ehtiva edən vətəndaş müraciəti daxil olub. İddiaların mərkəzində dayanan əsas qurumlardan biri Göygöl Rayon Mərkəzi Xəstəxanasıdır. Müraciətdə qeyd olunur ki, xəstəxananın baş həkimi Vasif Əliyev və müəssisənin mühasibatlığı tərəfindən dövlət vəsaitlərinin silinməsi mexanizmi qurulub. Belə ki, tibbi tullantıların daşınması adı altında keçirilən 175 min manatlıq tenderin şübhəli yollarla mənimsənildiyi iddia edilir
Vətəndaşın iddiaları bununla da bitmir. Müraciətdə xəstəxanada göstərilən tibbi xidmətlər, xüsusilə doğuş və cərrahiyyə əməliyyatları, eləcə də dializ şöbəsində icbari tibbi sığortanın mövcudluğuna baxmayaraq, xəstələrdən nağd şəkildə külli miqdarda rüşvət tələb olunduğu bildirilir. Eyni zamanda, xəstəxanaya qapıçı, xadimə və kompyuter operatoru kimi texniki heyətin işə qəbulu zamanı hər bir şəxsdən 8000 manat civarında vəsait alındığı, işçilərin böyük qisminin isə baş həkimin həmkəndliləri olduğu iddia olunur.
İddiada yer alan digər bir ağır ittiham isə Göygöl Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova və xəstəxananın qulaq həkimi Vilayət Musayevlə bağlıdır. İddiaya görə, bu şəxslər əlbir olaraq sağlam şəxslərə saxta epikrizlər və xəstəlik tarixçələri yazmaqla qanunsuz əlillik dərəcələrinin təyin edilməsini təşkil ediblər. Vətəndaş, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətindən Göygöl xəstəxanasındakı əlillik anketlərinin təcili şəkildə yoxlanılmasını xahiş edir
Müraciətdə iddialar təkcə səhiyyə sahəsi ilə məhdudlaşmır. Bildirilir ki, baş həkim Vasif Əliyevin qardaşı, Göygöl Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Asif Əliyev də vasitəçilər vasitəsilə işə düzəltmə adı altında vətəndaşlardan ümumilikdə 300 min manat pul toplatdırıb və bu məsələnin üstü açılandan sonra aidiyyəti şəxslərin məsuliyyətdən yayındığı irəli sürülür.
Qeyd olunan bütün bu məqamlar redaksiyamıza müraciət edən vətəndaşın fərdi iddiaları əsasında hazırlanmışdır. Media qurumu olaraq biz heç bir tərəfi birbaşa ittiham etmirik. Mövzunun aktuallığını və dövlət maraqlarını nəzərə alaraq, sujetdə adları çəkilən Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vasif Əliyev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova və digər rəsmi şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

















