Bu gün məktəblər bilik verən təhsil ocağı yox, sadəcə arayış, attestat verən bir idarə funksiyasını yerinə yetirən korrupsiya və rüşvət yuvasıdır....
1xeber.media xəbər verir ki,bu barədə jurnalist Nicat Mahmudov prezidentə müraciətində qeyd edib.
Ölkədə kimi dindirsən təhsil sistemi haqında danışanda ağzından od tökülər. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan təhsili bütün tarixi boyu indiki acınacaqlı durumda olmayıb. Orta əsrlər mollaxanalarında, mədrəsələrində belə vəziyyət indikindən ürəkaçan olub. Əvvəllər hamının müqəddəs məkan bildiyi, məbəd hesab elədiyi məktəblər nifrət , müəllimlər qınaq obyektinə çevrilib. Bu gün məktəblər bilik verən təhsil ocağı yox, sadəcə arayış, attestat verən bir idarə funksiyasını yerinə yetirən korrupsiya və rüşvət yuvasıdır. Müəllimlər qapazaltı, qorxaq bir duruma salınıb, hüquqsuz sənəd yazan robota çevrilib.
Təhsil sektorunda daydaylı direktorlar at oynadır, regional təhsil idarələri gəlirlərin bölüşdürülməsi ilə məşğuldur. Əlqərəz, bu gün təhsil sistemində kimin əlində fürsət varsa qazanır, dağıdır, məhv edir. Olan isə bu millətə və onun gələcəyinə olur...
Hər il keçirilən buraxılış imtahanlarında ortaya çıxan rüsvayçı rəqəmlər təhsil sitemindəki eybəcərliklərin bariz nümunəsidir. Nəzərə alsaq ki, qiymət alanların mütləq əksəriyyəti hazırlıq kurslarına gedən şagirdlərdir, burada ümuiyyətlə məktəblərin hər hansı bir rolundan söhbət gedə bilməz. Artıq yuxarı siniflərdə tədris yox səviyyəsindədir, heç bir kursa getməyən şagirdlər görüntü yaratmaq xatirinə məktəbə gətirilir, sadəcə tədris tamaşası qurulur. Bu həm də böyük biznes şəbəkəsidir. Repititor yanına gedən şagirdlər bunun müqabilində direktorlara aylıq və illik haqq ödəyirlər. Nəticədə milyonların dövr etdiyi “kurs bazarı” formalaşır, müdhiş korrupsiya və rüşvət piramidası yaradılır.
Təhsil sistemində dəhşətli dərəcədə dərəbəylik hökm sürür. Kimsə kimsənin kitabını oxumur, kimsənin kimsəyə sözü keçmir. Təhsil müxtəlif maraqların toqquşduğu, qruplaşmaların üstünlük qazanmağa çalışdığı bir sahəyə çevrilib. Ən üst düzən bürokratiyadan tutmuş regional qruplaşmalara qədər bütün məmur aparatı təhsil sistemindən pay qopartmağa çalışır, öz kadrlarını yerləşdirir, klanını formalaşdırır. Bəzən bir məktəb direktoruna və yaxud regionala xüsusi qaydada ,,yerləşdirilmiş'şöbə müdirlərinə nəinki regional idarə müdiri , heç nazirlik belə söz keçirdə bilmir. Çünki arxasından elə bir qüvvə boylanır ki, adamın çox şeyə heyifi gəlir.
Bizə isə çox hörmətli Mehriban xanımın apardığı təhsil siyasətinin belə düşmənlərinin kimlər olduğunu ifşa etmək düşür. Azərbaycan təhsili müxtəlif qruplaşmaların maraq , bir çox hallarda isə mübarizə meydanına çevrilib. Qeyd etdiyimiz kimi nəinki regional idarələrə, heç nazirliyə belə tabe olmaq istəməyən məktəb direktorları, şöbə müdirləri at oynadırlar. Qohumbazlıq, tayfabazlıq təhsil sistemini metastaz kimi məhv edir. Direktorların işə qəbul imtahanı adlı tamaşa qurub pərdəarxasında iyrənc oyunlar oynanılır. Kimlərinsə qohumu, qudası, dostu, sevgilisi olmaq bu sahədə karyera qurmaq üçün əsas kriteriyadır. Artıq özbaşnalıqlar o həddə çatıb ki, yerindən duran hər kəs təhsil sistemindən pay qoparmaq eşqinə düşür.
Eşq demişkən bütün bu oyunların, kataklizmaların mərkəzində duran əas fiqurun-Eşqi Bağırovun adını qeyd etməmək olmaz. Təhsil sistemində ən böyük qruplaşmanın yaradıcısı, “dövlət içərisində dövlət” yaratmaq iddiasında olan cənab Bağırov rəhbərlik eydiyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini şəxsi maraqların qorunduğu bir təşkilata çevirib. Kadr siyasəti elə bir vəziyyətdədir ki, artıq təhsil sistemi “vassalımın vassalı mənim vassalım deyil” prinsipi ilə idarə olunur. Nazirliyə tabe olan idarələr, qurumlar müxtəlif maraqları təmsil etdikləri üçün çox vaxt bir-birinin işini sabotaj edir, biri digərinə mane olur. Təhsil sahəsində islahatçılıq xəttini qorumağa çalışan nazirin mütərəqqi yenilikləri əksər hallarda bu qruplaşmalar tərəfindən qəsdən boğulur və yaxud yarıtmaz şəkildə həyata keçirilir.
“Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır...
MÜDTAnın fəaliyyəti sanki Təhsil nazirliyini oyundankənar vəziyyətə salmaq, cəmiyyətdə narazılıq formalaşdırmaq üzərində qurulub. Baş verən bütün ədalətsizlikləri əslində “Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır. Təhsil sistemində baş verən oyunlara son qoyulmazsa bunun fəsadlarını hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Cənab Prezidentin yürütdüyü milli maraqlara söykənən siyasi kursu sabotaj edən, cəmiyyətdə narazılıq formalaşdıran “təhsil biznesi” kökündən boğulmalı, qruplaşmalar neytrallaşdırılmalı, şəffaf kadr siyasəti aparılmalıdır. Məktəbin, müəllimin nüfuzu bərpa olunmalı, tədris prosesi özəl kurslardan sinif otaqlarına qaytarılmalıdır. Milli varlığımızın təməl prinsipi olan təhsil sistemi bazar prinsiplərindən təmizlənməyənə qədər gələcəyimiz böyük təhlükə altındadır. Hər kəs öz sahəsində çalışsa daha yaxşı olardı-bazarkom bazarda, müəllim də məktəbdə...
PS: Növbəti yazımızda kim kimin arxasından çıxır konkret adlar,şəxslər barədə geniş müəlumat verəcəyik. Ardı var..
Nicat Mahmudov
















