Elektrikli avtomobillərə marağın artmasının əsas səbəblərindən biri yanacaq qiymətləridir. Yanacaq qiymətlərində son dəyişikliklərdən sonra elektrik və hibrid avtomobillərə tələbat daha da artıb.
1xeber.media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
“Bununla yanaşı, həmin nəqliyyat vasitələrinin istismar baxımından daha sərfəli və rentabelli olması da alıcıların seçimində mühüm rol oynayır. Uzunmüddətli perspektivdə onların istismar xərclərinin aşağı olması bu avtomobilləri daha cəlbedici edir. Ölkədə avtomobillərin yüksək qiymətləri fonunda reklam amili də bazara müəyyən təsir göstərir. Daha çox reklam olunan avtomobillərin bazar payının artması reklamla yanaşı, həmin sahədə rəqabətin az olması ilə də bağlı ola bilər. Rəqabətin güclü olduğu avtomobil seqmentlərində isə reklam daha çox istifadə olunur. Tanınmış avtomobil markalarının isə reklama ehtiyacı nisbətən az olur, çünki onların keyfiyyəti və etibarlı imici artıq müştərilər tərəfindən tanınır”, - deyə ekspert bildirib.
O deyib ki, elektrikli avtomobillər bazarda hələ inkişaf mərhələsində olduğundan onların tanıdılması və istehlakçıların məlumatlandırılması üçün reklam kampaniyalarına daha çox üstünlük verilir.

















