Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan redaksiyamıza ciddi bir sosial problem barədə müraciət daxil olub. Rayon sakini təbii fəlakətin fəsadları və yerli qurumların laqeydliyi ucbatından çətin vəziyyətdə qalıb. Aylarla çəkilən zəhmət məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Şahbuz rayonunda bir müddət əvvəl baş verən sel fəsadlar törədib. Sel suları sahələrə gedən yolları yararsız hala salıb. Nəticədə vətəndaşın aylarla göz nuru tökdüyü taxıl sahədə qalıb. Yollar bərbad olduğu üçün kombayn və digər kənd təsərrüfatı texnikaları zəmilərə daxil ola bilmir. Problemin həlli isə əslində çox sadədir: sahəyə cəmi bircə qrider texnikasının göndərilməsi və yolun hamarlanması.
Vətəndaş qapıları döyməkdən yorulub. Vaxt daralır, taxılın biçim mövsümü başa çatır. Məhsulun sahədə yanıb-tökülməsi kəndlinin tamamilə ziyana uğraması deməkdir. Yerli qurumlardan ümidini üzən sakin, dövlətimizin ali rəhbərliyinə və qanun keşikçilərinə üz tutur.
Dövlətimizin kənd təsərrüfatına və fermerlərə göstərdiyi böyük diqqət və qayğı fonunda, yerli icra strukturlarının bir qrider ayırmaqda çətinlik çəkməsi anlaşılan deyil. Ümid edirik ki, aidiyyəti qurumlar vətəndaşın bu haqlı fəryadını eşidəcək və məhsul tam məhv olmadan problem dərhal həllini tapacaq.
















