Son günlər sosial şəbəkələrdə general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın dövlət qurumları ilə bağlı səsləndirdiyi iddialar ciddi müzakirələr yaradıb. Hadisə bəzi media resurslarında daha çox şikayətçi tərəfin mövqeyindən təqdim edilib. Lakin redaksiyamıza daxil olan məlumatlar və hadisə yerindən olduğu bildirilən videogörüntülər məsələnin görünməyən tərəfinə dair ciddi suallar yaradır.
1xeber.media xəbər verir ki, söhbət artıq adi vətəndaş-məmur mübahisəsindən getmir. Ortada dövlət müəssisəsi, rəsmi sənəd və ən əsası, İkinci Qarabağ müharibəsində döyüşmüş bir qazi ilə bağlı iddialar var.
Məlumata görə, hadisə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində baş verib. Türkər Əliyevanın burada müəyyən tələblər irəli sürdüyü, yaranan narazılığın isə sonradan səs-küylü mübahisəyə çevrildiyi bildirilir.
Elə bu zaman növbədə gözləyən İkinci Qarabağ müharibəsi qazisinin məsələyə müdaxilə etdiyi deyilir. Onun tələbi sadə olub: bura dövlət müəssisəsidir, problem varsa, qışqırıqla deyil, qanun və müəyyən edilmiş prosedurlar çərçivəsində həll edilməlidir.
Əslində, normal hüquqi dövlətdə vətəndaşdan tələb olunan da budur.
Ancaq bundan sonra baş verdiyi iddia olunanlar məsələnin mahiyyətini tamamilə dəyişir.
Redaksiyamıza təqdim edilən videogörüntülərdə qadının əlində olan sənədi cıraraq parçalarını qarşısındakı şəxsin istiqamətinə atdığı görünür. Mənbənin bildirdiyinə görə, həmin şəxs Qarabağ qazisi, cırılan sənəd isə üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi olan rəsmi blankdır.
Əgər bu məlumatlar rəsmi araşdırma nəticəsində təsdiqini taparsa, artıq söhbət sadəcə əsəbi davranışdan və ya məişət xarakterli mübahisədən gedə bilməz.
Çünki dövlətin rəsmi sənədinə münasibət sıradan bir kağıza münasibət deyil. Dövlət Gerbi də adi təsvir deyil. O, Azərbaycan Respublikasının dövlət rəmzidir.
Digər tərəfdən, qarşında dayanan insanın bu ölkənin ərazi bütövlüyü uğrunda döyüşmüş qazi olduğu bildirilirsə, ona münasibətdə ən azı mənəvi məsuliyyət anlayışı ortaya çıxır. Həmin şəxsin üzərinə cırılmış sənəd parçalarının atıldığı və ünvanına etik çərçivədən kənar ifadələr işlədildiyi barədə iddialar buna görə xüsusilə ciddi araşdırılmalıdır.
Burada bir məqamı da unutmayaq: heç kimin atasının general, nazir, deputat və ya başqa yüksək vəzifəli şəxs olması onun qanun qarşısındakı statusunu dəyişmir.
Azərbaycan Respublikasında “general övladı” adlı ayrıca hüquqi status yoxdur.
Qanun qarşısında generalın övladı da, sıravi vətəndaş da eyni hüquq və məsuliyyət daşıyır.
Məhz buna görə Türkər Əliyevanın sosial şəbəkələrdə dövlət qurumlarına qarşı səsləndirdiyi ittihamlar necə araşdırılmalıdırsa, onun öz davranışı ilə bağlı ortaya çıxan görüntülər və iddialar da eyni prinsipiallıqla araşdırılmalıdır.
Cəmiyyətə həqiqətin yalnız bir hissəsini göstərməklə ictimai hökm yaratmaq olmaz.
Əgər dövlət əməkdaşı qanunu pozubsa, cavab verməlidir.
Əgər vətəndaşın hüquqları tapdanıbsa, bərpa edilməlidir.
Amma əgər vətəndaş özü qanunun və ictimai davranış normalarının sərhədlərini keçibsə, onun kimliyindən və hansı ailədən gəlməsindən asılı olmayaraq həmin əmələ də hüquqi qiymət verilməlidir.
Çünki dövlət məhz burada güclü olur: qanunu adlara, soyadlara və vəzifələrə görə dəyişməyəndə.
İndi söz emosiyaların və sosial şəbəkə ittihamlarının deyil, faktların olmalıdır.
1xeebr.media olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
















