"Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb"
1xeber.media xəbər verir ki, bunu prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Ölkə başçısı qeyd edib ki, iki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.
Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.
Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.
Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.
Əminəm ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək.

















