
3 milyona yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinən Allahverdi Rzayev həbs edildi
Allahverdi Rzayev barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçildiyi bildirilir. İddia olunur ki, A.Rzayev Kürdəxanı həbsxanasına göndərilib.
1xeber.media-nın etibarlı mənbədən əldə etdiyi ilginc məlumata görə, iş üzrə araşdırma Abşeron Rayon Prokurorluğunda aparılır. Rzayev külli miqdarda — 3 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinir.
İddialara əsasən, sözügedən vəsait ehtiyat hissələrinin və tikinti materiallarının satışı ilə bağlı əməliyyatlar zamanı mənimsənilib. Cinayət işinin təfərrüatları və Rzayevə qarşı irəli sürülmüş ittihamın konkret maddəsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Allahverdi Rzayevin adı daha əvvəl də mediada bahalı daşınmaz əmlaklar və müxtəlif kommersiya obyektləri ilə gündəmə gəlib. 2024-cü ildə yayımlanan materiallarda onun Xırdalan şəhərində və Bakının 3-cü mikrorayon dairəsi yaxınlığında tikildiyi bildirilən obyektlərlə əlaqəsinin olduğu iddia edilib.
Həmin materiallarda Rzayevin Müdafiə Nazirliyinin tenderləri çərçivəsində həyata keçirilən satınalmalarla bağlı adı hallandırılıb. O, mediada keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqova yaxın şəxs kimi də təqdim olunub.
Qeyd edilən əvvəlki iddiaların hazırda araşdırılan cinayət işi ilə əlaqəsinin olub-olmadığı rəsmi şəkildə açıqlanmayıb. Allahverdi Rzayevin və ya vəkilinin məsələyə münasibəti məlum deyil.
Allahverdi Rzayevin əməlləri nəticəsində zərər çəkdiyini iddia edən şəxslər, əllərində olan sübut və sənədlərlə birlikdə müvafiq prokurorluq orqanlarına müraciət edə bilərlər.

















