Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak bazarına marağı artmaqda davam edir. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları bu ölkədə 203 mənzil alıblar. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 34 mənzil və ya 20,1 faiz çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil almışdılar. Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda altıncı yerdə qərarlaşıb. Bu ilin may ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 75 mənzil alıblar.
Bəs vətəndaşlarımızı qardaş ölkənin əmlak bazarına çəkən nədir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Türkiyədə yaşayan vətəndaşlarımız kirayədən qurtulub mənzil sahibi olmaq istəyirlər: "Xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yatırım etdikləri ölkələrlə mütləq müəyyən əlaqələri olur. Türkiyədə yetəri qədər soydaşlarımız yaşayır. Bəzisi orada işləyir, bəzisi təhsil alır. Lakin Türkiyədə yaşasalar da, Azərbaycan vətəndaşı hesab olunurlar. Türkiyədə yaşayan insanların arasında Naxçıvan Muxtar Respublikasının sakinləri çoxluq təşkil edirlər. İnsanlar Türkiyədə müəyyən bir müddət kirayə yaşayırlar, sonra isə mənzil sahibi olurlar. Bu da statistik rəqəmlərə təsir edir”.
E.Fərzəliyev bildirdi ki, vətəndaşlarımızın Türkiyə əmlak bazarına maraq gösətrməsinin digər bir səbəbi də yatırım məqsədidir: "Türkiyədə qiymət artımı daha sürətlidir. Vətəndaşlarımız da orada mənzil alaraq, kirayə verirlər. Kirayələrdən kifayət qədər qazanc əldə edə bilirlər. Həmçinin Türkiyədə turizm sektoru xeyli inkişaf edib. Ora müxtəlif ölkələrdən ilin fərqli fəsillərində turistlər axın edir. Turistlərə mənzili kirayə vermək onlara daha sərfəlidir. Yəni azərbaycanlıların Türkiyədən mənzil almasının əsas səbəblərindən başlıcası yatırım məqsədli atılan addımlardır”.
Ekspert Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak alarkən hansı ərazilərə üstünlük verildiyinə də toxundu: "İstanbulda əmlakların qiyməti xeyli yüksəkdir. Təkcə azərbaycanlılar deyil, digər ölkə vətəndaşları da Türkiyədən mənzil alarkən, əsasən turistik zonalara üstünlük verirlər. Alanya, Antalya kimi ərazilərdə tikintilər daha sürətlə gedir. Məsələn, Alanyaya ilin bütün fəsillərində xeyli turist axını olur. Həm yaşayış, həm də kirayə üçün əlverişli olan bu tip ərazilərə yatırımlar daha çox edilir”.
Ekspertin sözlərinə görə, Bakı və digər böyük şəhərlərimizdə türk tikinti şirkətlərinin nümayəndəlikləri mövcuddur. Həmin şöbələr də oraya müştərilərin axın etməsinə səbəb olurlar.
E.Fərzəliyevin sözlərinə görə, insanların Türkiyəyə axın etməsinin bir səbəbi də vətəndaşlıq hüququ əldə etmək planıdır: "Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollardan baha qiymətə olan əmlak almalısan. Bu rəqəm əvvəlki dövrlərdə 250 min dollar idi. Qiymətin yüksəldilməsinin də səbəbi insanların Türkiyəyə axın etməsidir. Dünyada baş verən bir sıra proseslər çərçivəsində Türkiyə vətəndaşı olmaq istəyən insanların sayı artdı. Qardaş ölkə də bu vəziyyətdən öz iqtisadiyyatına töhfə qazandırır. Daşınmaz əmlak yeganə sahədir ki, xarici ölkələrdən investisiya cəlbinə səbəb olur. Türkiyəyə böyük pullar qazandırır”.
Qeyd edək ki, Türkiyədə mənzil qiymətləri 2025-ci ilin mart ayında 2024-cü ilin mart ayı ilə müqayisədə 32,3 faiz artıb. Şəhərlər üzrə satılan mənzil sayına görə İstanbul, Antalya, Mersin ilk üçlükdə qərarlaşıb.
İqtisadçı Fuad İbrahimov isə düşünür ki, qardaş ölkədə əmlak sahibi olmaq daha rahat olduğundan insanlar oranı seçir: "Ola bilər ki, bu, dövrü xarakter daşıyır. Yaxud Türkiyədə əmlak qiymətlərində müəyyən kompaniyalar da ola bilər. Vətəndaşlarımız da müəyyən güzəştlərdən istifadə edərək mənzil sahibi olurlar. İnsanlarımız üçün Türkiyədə mənzil sahibi olmaq daha cazibədar gəlir. Deməli, vətəndaşlarımız orada daha rahat əmlak sahibi ola bilirlər. Əmlak bazarı daha sadədir.
İqtisadçının sözlərinə görə, bu axın Türkiyə iqtisadiyyatı üçün əlverişli olsa da, ölkəmiz üçün yaxşı hal deyil: "İstənilən halda, hər hansı vətəndaşımızın xarici ölkədən əmlak alması dövlətimizdən kapital axınına səbəb olur. Qardaş ölkə də olsa, istər-istəməz onların iqtisadiyyatına investisiya yatırmış oluruq. Təbii ki, bizim ölkəmiz insanlarımız üçün daha cazibədar, qiymətlər daha uyğun olsa, vətəndaşlarımız kapitalını öz ölkəmizə yatırmağı daha üstün tutar. Əgər bu vəziyyət kütləvi hal alarsa, bu, bizim ümumi iqtisadiyyatımız üçün mənfi təsir deməkdir. Çünki ölkədən kütləvi kapital axını makro-iqtisadi səviyyəmizə təsir edir”. ("Kaspi" qəzeti)