2025-ci ilin ilk yarısı Azərbaycanda turizm sektorunun müəyyən canlanması ilə yadda qalsa da, otellərin doluluq səviyyəsi hələ də arzuolunan səviyyəyə çatmayıb.
Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən, ilin yanvar–mart aylarında ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi cəmi 19,3 faiz olub. Bu o deməkdir ki, otellərdəki yerlərin təxminən 81 faizi boş qalıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 17,8 faiz idi. Artım olsa da, vəziyyət ümumi mənzərə baxımından hələ də narahatedicidir. Ən yüksək doluluq Şabran (68,2 faiz) və Qusar (43,5 faiz) rayonlarında qeydə alınıb. Naftalanda bu göstərici 31,2 faiz, paytaxt Bakıda isə 28 faiz təşkil edib.
Qəbələ, Bərdə, Ağdam, Şamaxı, Beyləqan, Quba kimi bir çox bölgələrdə isə doluluq səviyyəsi 15–25 faiz aralığında olub. Bəzi rayonlarda bu göstərici 10 faizdən də aşağıdır.
2025-ci ilin iyun və iyul ayları üçün hələlik rəsmi statistika açıqlanmasa da, müxtəlif mənbələrin proqnozlarına əsasən, yay mövsümündə də otellərin doluluğu ciddi şəkildə artmayıb. Belə ki, iyun ayında doluluq səviyyəsinin 30–35 faiz, iyul ayında isə 35–45 faiz arasında olduğu ehtimal edilir. Bu isə o deməkdir ki, yay sezonunun ən aktiv dövründə belə otellərin yarıdan çoxu boş qalıb.
Maraqlıdır ki, Azərbaycanda otellərə bu qədər aşağı tələbatın səbəbi nədir?
Turizm eksperti Ceyhun Aşurov “AzPolitika”ya şərhində bildirib ki, hal-hazırda yay mövsümünün ortasındayıq və bu mövsüm həm dünyada, həm də Azərbaycanda insanların daha çox səyahət etdiyi dövrdür.
Ekspert qeyd edir ki, son dövrlərdə baş vermiş geosiyasi gərginlik — Pakistan-Hindistan, İsrail-İran arasındakı müharibə Azərbaycana gələn turistlərin sayına ciddi təsir göstərib: “Çünki adıçəkilən dövlətlərdən gələn turistlərin sayı ən çox Azərbaycana gələn 10 ölkə turistləri arasında olub. Təkcə Hindistandan Azərbaycana keçən il 240 mindən çox turist gəlmişdi. 2024-cü ildə İrandan təxminən 210 min, Pakistandan 80 minə yaxın vətəndaş, İsraildən isə təxminən 30 minə yaxın turist gəlmişdi. Bu göstəricilər məlum hadisələrdən sonra birdən-birə aşağı düşdüyündən, gələnlərin sayına da təsir etdi. Bu gərginliyin təsiri təkcə həmin ölkələrlə də məhdudlaşmır. Savaşlar Körfəz ölkələrindən olan və İran üzərindən Azərbaycana gələn turistlərin uçuşlarına təsir edib və nəticədə azalma olub.”
Qeyd edək ki, 2025‑ci ilin yanvar–may ayları dövründə Azərbaycana gələn xarici turistlərin ümumi sayı 979 963 nəfər olub. Bu, pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə hələ də təxminən 10% aşağıdır.
2025-ci ilin yanvar–may ayları üzrə statistikaya əsasən, Azərbaycana ən çox turist bu ölkələrdən gəlib:
-Rusiya – 25–27%;
-Türkiyə – 17%-ə yaxın;
-Hindistan – 10–11%;
-İran – təxminən 8–9% civarında.
Gürcüstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Pakistan, BƏƏ və İsrail kimi ölkələr də ilk 10-luqda yer alır.
“AzPolitika.info”