"Kim də bilməsə, Dmitri Peskov Bakıda yaşayan rus icması nümayəndələrinin hüquqlarının qorunduğunun fərqindədir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Bakı ilə Moskva arasında münasibətlərə toxunarkən onun "Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir" fikrini şərh edərkən deyib.
Deputat qeyd edib ki, Rusiya digər ölkələrdə yaşayan rus icmasının vəziyyətini daima diqqətdə saxlayır:
"Bu işlə məşğul olan xüsusu dövlət qurumu, eyni zamanda, çox saylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Azərbaycanda yaşayan rus icması ilə bağlı rəsmi Moskvanın hər hansı bir narahatçılığı yoxdur. Həm Rusiya prezidenti, həm də bu ölkənin digər rəsmilərinin Azərbaycana səfərləri zamanı burada yaşayan rusların hüquqlarının qorunduğu, onların dil və mədəniyyətlərinin inkişafına diqqət göstərildiyinin birbaşa şahidi olurlar".
Həmsöhbətimiz bildirib ki, bu gün heç kim Azərbaycanda yaşayan nəinki rusların, digər millətlərin də hüquqlarının qorunmadığından danışa bilməz:
"Azərbaycan xalqı xaraktercə tolerantdır. Burada yaşayan insanlara heç zaman milli fərq qoyulmur. Ölkəmizdə başqa xalqların nümayəndələri də dövlətin idarəedilməsində yer tutur, parlamentə, bələdiyyələrə seçilirlər. Rus dili ölkəmizdə işlənən dillərdən biridir. Hazırda Azərbaycanda 300-dən çox orta məktəb ya tam rusdillidir, ya da orada rus sektoru da var. Universitetlərimizin də demək olar hamısında rus sektoru mövcuddur. Rusiya prezidentinin mətbuat katibinin ölkəmizdə yaşayan ruslarla bağlı maraqlı olduğunu bildirməsini normal bəyanat kimi qəbul edirəm".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Rusiya arasındakı münasibətlərə toxunaraq, bu münasibətlərin möhkəm təmələ malik olduğunu, lakin hazırda çətin dövrü yaşadığını bildirib. "Həqiqətən də möhkəm təməl var, iki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir", deyə Peskov bildirib.
Ardınca o, vurğulayıb ki, "Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir".