Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən "Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1xeber.media teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevin Prezident İlham Əliyevə müraciət etdiyi məlum olub.
Məhkəmə istintaqı yeniləndiyi üçün müraciət məhkəmədə elan olunub.
Hüseyn Abdullayev dövlət başçısına göndərdiyi müraciətdə səhhətindəki problemləri, həbsxana divarlarında çəkdiyi əziyyəti və yaşlı anasının düşdüyü durumdan bəhs edib.
"Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və altı il dörd divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən olub.
Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də mən fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş oluram. Lakin bəzi insanların fitnəkarlığı nəticəsində mənim düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm" - müraciətdə deyilir.
Hüseyn Abdullayev qeyd edilən səbəblərdən və cinayət işi üzrə özünü təqsirli bilmədiyindən həbsdən azad olunmasını xahiş edib.
Dövlət ittihamçısı həmin müraciətlə bağlı təqsirləndirilən şəxsə suallar verib. Sualları cavablandıran təqsirləndirilən şəxs özünü təqsirli bilməyib:
"Mən özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Qanunsuz iş görməmişəm. Başqa nə deyim axı? Dövlətimizə də hər zaman sadiq olmuşam. Əlavə heç nə demək istəmirəm".
Məhkəmə istintaqının yenidən yekunlaşdırııması ilə bağlı qərar qəbul edilib.
Daha sonra yenidən çıxış edən prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Növbəti proses fevralın 13-də davam edəcək.
Qeyd edək ki, soncu məhkəmə iclaslarından birində çıxış edən dövlət ittihamçısı Hüseyn Abdullayev 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi.
İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.
Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
İttihama münasibət bildirən Hüseyn Abdullayev özünü təqsirli bilmir.