2025-ci il mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa olunacağı müzakirə edilib. Bununla bağlı Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkəyə işgüzar səfəri zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə deyib.
Sərhədlərlə bağlı müzakirə bir sıra məsələləri də gündəmə gətirib. Onlardan biri də, qonşu ölkəyə avtomobillə səfərin mümkünlüyüdür.
Gürcüstanla qatar vasitəsilə gediş-gəliş bərpa ediləcəksə, bu, avtomobillərə də şamil oluna bilərmi?
Politoloq Yusif Bağırzadə deyib ki, hazırda Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən etibarən bərpa olunması ilə bağlı müzakirələr aparılır.
O, bu barədə ilk dəfə məlumatı hələ bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyini xatırladıb:“Dünən isə bu məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib. Təbii ki, istər dəmir yolu, istərsə də avtomobillərlə gediş-gəlişin bərpası həm insanların daha rahat və az məsrəflə səfər etməsi, həm də iqtisadi inkişaf üçün əhəmiyyətlidir. Məlumdur ki, artıq neçə illərdir Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və o səbəbdən də ölkənin quru sərhədləri demək olar ki, bağlıdır. Bu isə təbii olaraq insanlar üçün müəyyən problemlər yaradıb və gediş-gəlişdə kəskin azalmaya səbəb olub”
Y.Bağırzadəninn sözlərinə görə, 2019-cu ildə, yəni quru sərhədlərinin açıq olduğu vaxt Azərbaycandan Gürcüstana 1.5 milyon nəfər səfər etdiyi halda, indi bu rəqəm 70 mini keçmir:
“Eyni şey Gürcüstandan Azərbaycana səfər edənlərə də aiddir. Məsələn, 2019-cu ildə Gürcüstan vətəndaşlarının Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə Azərbaycan olduğu halda, 2024-cü il ərzində bu rəqəm cəmi 50 min olub. Odur ki, indi gediş-gəlişin bərpası ilə bağlı razılaşma təqdirəlayiqdir. Hələ söhbət təkcə dəmir yolu ilə gediş-gəlişdən getsə də, düşünürəm ki, tədricən avtomobil yolu ilə də sərnişindaşıması bərpa olunacaq. Dəmir yolundan sonra ən azı avtobusların hərəkətinin bərpası yaxşı olardı”.
globalinfo.az