"Ermənistan konstitusiyasının dəyişdirilməsi ətrafında aparılan müzakirələr diqqət mərkəzindədir. İddia edilir ki, yeni konstitusiya layihəsində müstəqillik bəyannaməsinə istinad olmayacaq. Bu eyni zamanda Azərbaycanın əsas tələblərindən biridir. Çünki konstitusiya dəyişilmədən imzalanacaq sülh müqaviləsi sonrakı dövrdə əlavə problemlər yarada bilər".
Bu sözləri Teleqraf-a keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Sabiq nazir hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin konstitusiya dəyişmədən imzalanacaq sülh müqaviləsinin qanunazidd olduğunu əsas gətirməsi ehtimalı böyükdür: “Müstəqillik bəyanatına isə konstitusiya məhkəməsi qiymət vermir. Konstitusiya ilə bağlı yanaşmalar isə fərqli olduğu üçün onu hüquqi baxımdan sual altına qoya bilərlər”.
E.Məmmədyarov Ermənistan tərəfinin sərhədlərin delimitasiyası ilə bağlı qaydaların konstitusiya məhkəməsinin təsdiq etməsinə də münasibət bildirib: “Bu onların daxili işidir. Hansısa ehtimallara əsaslanıb, sülh müqaviləsini imzalamaq olmaz. Bütün şərtlər təmin edilməlidir. Sülh mətni üzərində razılaşma əldə olunub. Amma hüquqi zəmanət verəcək addımlar da atılmalıdır”.