Azərbaycan Vyetnamla münasibətdə, əlbəttə, digər beynəlxalq oyunçuların, o cümlədən ABŞ və Çinin də bu dövlətə qarşı mövqeyini nəzərə alır. Azərbaycan və Vyetnam ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam” və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir.
2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və 2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuş qərar bu istiqamətdə mühüm mərhələlər hesab olunur. Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Trading şirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bu müqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyon barrel “Azeri Light” markalı neft tədarük olunub. Bu, Vyetnamın xam neft idxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub və Azərbaycan neftinə yeni ixrac imkanları açıb.
Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu) çərçivəsində multimodal infrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz məhsullarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycanın tranzit potensialından
istifadədə maraqlıdır. Azərbaycan sayəsində Orta Dəhliz davamlı inkişaf əldə edib: ölkə dəniz limanlarının, dəmir yollarının və logistika mərkəzlərinin müasirləşdirilməsinə investisiya qoyub. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və inkişaf etmiş dəmir yolu infrastrukturuna
malik olan Azərbaycan Avrasiya məkanında əsas logistik mərkəzə çevrilib. Bütün bunlar Azərbaycanın qlobal tədarük zəncirlərində mühüm halqaya çevrilməsini təmin edir və vyetnamlı ixracatçılara Cənubi Çin dənizi və Suveyş kanalı kimi ənənəvi, daha uzun yolları keçmədən yeni marşrutlar təklif edir.
Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru