Bu gün iki dost ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da iqtisadiyyatlarımızın gələcəkdə daha da şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları yaradılır
Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlımaraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfərləri, keçirdiyi görüşlər ölkəmizin
regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb.
Azərbaycanın Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsində Vyetnamla siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin qurulmasının mühüm əhəmiyyəti var. Belə ki, 2013-cü ildə Azərbaycanın Vyetnamdakı səfirliyi fəaliyyətə başlayıb.
Bu, ölkəmizin, bütövlükdə, Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyidir. Mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana dövlət səfərinə gəlib. Səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib. Ölkə başçısı öz müsahibəsində Azərbaycan və Vyetnam arasında
əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə mühüm yer ayırıb. Dövlət başçısı müsahibəsində söyləyib ki, ölkəmiz ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir: “Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanı və Vyetnamı yarım
əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.
Qeyd edək ki, Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etməsi, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnamda minnətdarlıqla xatırlanır. Ötən əsrdə Azərbaycan
vyetnamlı mütəxəssislərin yetişdirilməsində də xüsusi rol oynayıb. Bakıda təhsil alan 2 mindən çox vyetnamlı tələbə müxtəlif sahələrlə yanaşı, Azərbaycanın neft hasilatı və emalı üzrə zəngin təcrübəsini öyrənərək Vyetnamda neft sənayesinin formalaşdırılmasında tətbiq ediblər. Sadalananlar Azərbaycan ilə Vyetnam arasında böyük dostluq körpüsünün təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb.
Müsahibəsində iqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da, öz növbəsində, iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. İkitərəfli əlaqələr son illər daha da inkişaf etməkdədir. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr,
demək olar, stabil xarakterə malikdir. Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Azərbaycan Vyetnamla münasibətdə, əlbəttə, digər beynəlxalq oyunçuların, o cümlədən ABŞ və Çinin də bu dövlətə qarşı mövqeyini nəzərə alır. Azərbaycan və Vyetnam ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, – deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam” və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və 2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuş qərar bu
istiqamətdə mühüm mərhələlər hesab olunur. Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Trading şirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bu müqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyon barrel “Azeri Light” markalı neft tədarük olunub. Bu, Vyetnamın xam neft idxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub və Azərbaycan neftinə yeni ixrac imkanları açıb.
Əlioğlan Əşrəfli,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru