Dünən Milli Məclisdə sərhədyanı kəndlərdə yaşayanlar üçün elektrik və qaz tariflərinin 3 dəfə azaldılması məsələsi müzakirə edilib.
Bəs, bu təklif reallaşa bilərmi?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən verən iqtisadçı Xalid Kərimli deyib ki, bu kimi güzəştlər səmərəsizliyə və effektivliyin azalmasına səbəb ola bilər:
“Ölkənin əsas problemi sərhədyanı rayonlar deyil, qeyri-neft sektorunun inkişaf etdirilməməsidir. Belə təkliflər real deyil, çünki Azərbaycan artıq müəyyən güzəşt praktikasını keçib.”
İqtisadçının sözlərinə görə, hökumət vətəndaşlara dəstəyi ünvanlı sosial yardım vasitəsilə həyata keçirir:
“Sərhədyanı bölgədə yaşayan aztəminatlı ailənin problemi ilə qonşu rayonda yaşayan ailənin problemi eynidir. Bu səbəbdən ünvanlı sosial yardımın məbləğinin artırılması və bu sistemin təkmilləşdirilməsi təklif edilməlidir.
Eyni zamanda, minimum istehlak səbətinin strukturu da dəyişdirilməlidir ki, insanların yaşayış minimumu yüksəlsin. Beləliklə, aztəminatlı vətəndaşlara daha çox dəstək göstərmək mümkün olar”.