İranda yaşanan siyasi və ictimai gərginliklər İsraillə hərbi qarşıdurma və regiondakı xarici təzyiqlər fonunda daha da diqqət çəkir. Ekspertlərin fikrincə, bu prosesin kökləri yalnız xarici təsirlərlə izah oluna bilməz. Gərginliyin əsas qaynağı ölkədə uzun illər yığılıb qalmış sosial narazılıqlar, siyasi təlatümlər və ideoloji parçalanmalardır.
Xüsusilə 2022-ci ildə Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan və ölkə miqyasında geniş vüsət alan etirazlar İslam Respublikasının ideoloji sütunlarını ciddi şəkildə sarsıtdı. Bu hadisələr rejimə olan inamsızlığın nə qədər dərin kök atdığını göstərdi və sistem daxilində dəyişiklik tələb edən sosial təbəqələrin formalaşmasına yol açdı.
Bu kontekstdə mərhum prezident Rəisinin qəfil ölümü və onun ardınca keçirilən prezident seçkilərində islahatçı mövqeyi ilə tanınan Məsud Pezeşkianın önə çıxması, İranda güc balansının dəyişməkdə olduğuna dair fikirləri gücləndirib. Bəzi müşahidəçilər bu situasiyanı təkcə fərdi siyasi dəyişiklik kimi deyil, daha geniş və sistemli transformasiya meyillərinin əlaməti kimi qiymətləndirirlər.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, İranda yaşanan son proseslərin 2022-ci il etirazları və Rəisinin ölümü ilə birbaşa əlaqəsi olmasa da, dolayı bağlantılar açıq şəkildə görünür:
“İranda 46 ildir mövcud olan rejimə müxtəlif dövrlərdə, müxtəlif formalarda təzyiqlər edilib. Bu səbəbdən ölkədə vaxtaşırı etiraz aksiyaları keçirilib. 2008-ci il prezident seçkiləri zamanı yaşanan hadisələr, eləcə də 2022-ci ildə Məhsa Əmininin öldürülməsi ilə başlayan etirazlar bu xalqın rejimdən narazılığının davamlı təzahürü idi.
Bu rejim insan haqlarını və milli haqları kobud şəkildə pozur. Eyni zamanda qonşuları ilə də daim problemlər yaşayan və regionda proksi qüvvələri dəstəkləyən bir siyasi sistemdir.
Təbii ki, belə bir davranış qonşu ölkələri narahat edir. İranın İsrailə qarşı aqressiv mövqeyi və İsrailin dövlət kimi sıradan çıxarılmasını dövlət doktrinasında açıq şəkildə ifadə etməsi bu ölkəyə qarşı münasibətlərin kəskin dəyişməsinə səbəb olub”.
Politoloq qeyd edib ki, İran Urayna müharibəsinə bu və ya digər şəkildə müdaxilə edirdi:
“İran Ukrayna müharibəsi zamanı Rusiyaya ballistik raketlər verib. Digər tərəfdən,HƏMAS -ın İsrailə qarşı başladığı əməliyyatların arxasında da İranın dayanması istisna olunmur. Bu, İsrailə ciddi fürsət verdi və Təl-Əviv bundan maksimum yararlandı.
Bu gün biz məhz həmin proseslərin davamını müşahidə edirik. İsrail Tehran rejiminin illər boyu öz əleyhinə istifadə etdiyi “kozları” indi özünə qarşı çevirərək, İrana hücumlar təşkil edir”.