Sabahdan peşə məktəblərinə qəbul başlayır.
1xeber.media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
Direktor bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
***
C. Kərəmov əlavə edib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür.
Agentlik rəhbəri qeyd edib ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə qəbul aparılacaq: “Ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var. Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Dövlət sifarişi yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar, 40 %-i isə Bakı üçün nəzərdə tutulub”.
***
C.Kərimovun sözlərinə görə, 2025-ci ildən peşə təhsilinə 10 yeni ixtisas əlavə olunur: "Yeni ixtisasların 5-i yüksək texniki, 5-i isə texniki peşələrdir. Yüksək texniki ixtisaslar rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalatda rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketing, texniki ixtisaslar isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. olacaq".