Rusiyanın Kamçatka yarımadasında 8,7 maqnitudalı zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, bu, 1952-ci ildən sonra baş vermiş ən güclü zəlzələdir.
Zəlzələ təkcə Rusiyada deyil, digər ölkələrə də təsir göstərib. Artıq Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının Hanasaki limanında ilk sunami dalğası qeydə alınıb.
ABŞ-ın Honolulu Fövqəladə Hallar İdarəsi zəlzələnin yaratdığı sunami dalğaları təhlükəsi səbəbindən Havay adalarının bəzi sahil ərazilərinin təxliyə edilməsinə çağırıb.
Kamçatka regionunun qubernatoru sakinləri sahil xəttinə yaxınlaşmamağı məsləhət görüb.
Yaponiyanın Baş naziri Şigeru İşiba əhaliyə müraciət edərək, sunami xəbərdarlığı olan ərazilərdən təxliyə olunmağa çağırıb. İşiba bildirib ki, hökumət əhaliyə hər hansı ziyan dəyməməsi üçün əlindən gələni edəcək, hərçənd hadisələrin necə cərəyan edəcəyi hələ məlum deyil.