Bu ilin sentyabr ayında Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə maliyyə naziri, Komissiyanın həmsədri Sahil Babayevin Macarıstanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı ilə keçirdiyi görüşdə bildirilib. Görüş zamanı Komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub.
S. Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.
Səfir Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələr arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.
Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın ölkələr arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.