Moskva və Vaşinqton Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında keçirilən görüşün nəticələrindən razı qala bilər.
1xeber.media xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
"Bu görüş işgüzar, konstruktiv keçdi və düşünürəm ki, hər iki tərəf danışıqların nəticələrindən razı qala bilər", - Kreml vurğulayıb.
Uşakov avqustun 6-da Putinlə Vitkoffun görüşü zamanı Ukraynadakı münaqişənin həlli kontekstində gələcək birgə işlərin müzakirəsindən danışıb. O, Rusiya ilə ABŞ arasında münasibətlərin konstruktiv və qarşılıqlı faydalı şəkildə qurulmasının mümkünlüyünü vurğulayıb.
Prezidentin köməkçisi Rusiya liderinin ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə görüşündən sonra təmaslardan da danışıb. O əlavə edib ki, Putin və Vitkoff arasında keçirilən görüşdən sonra Tramp avropalı tərəfdaşlarla müvafiq təmaslar aparıb.
Bundan əvvəl Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Putinlə Trampın görüşünün tarixi əhəmiyyət daşıyacağını proqnozlaşdırmışdı. Rəsminin sözlərinə görə, hər iki ölkənin liderləri qarşıdurma əvəzinə dialoqu seçəcəklər.