Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Görüş zamanı SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Bəs, bu memorandum hansı əməkdaşlıqları nəzərdə tutur? Yeni sənəd Azərbaycana hansı iqtisadi dvidentlər qazandıracaq?
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, SOCAR-la “ExxonMobil” arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” bu ilin iyun ayında Bakı Enerji Həftəsində SOCAR-la “ExxonMobil” arasında kəşfiyyat işlərinin aparılmasına dair imzalanmış sənədin davamıdır:
“Yəni söhbət ondan gedir ki, Amerikanın neft nəhəngi, 1 nömrəli şirkəti Azərbaycanın qərb hissəsindən, Yevlaxdan başlayaraq qərb istiqamətində bir neçə sahə üzrə yerin dərin qatlarında neft laylarının aşkarlanması yönümündə kəşfiyyat işləri aparacaq. Bu isə yaxın 3 ildə Azərbaycanın enerji sektoruna çox böyük töhfə verə bilər. Nəyə görə? İndiyədək məlum idi ki, daha çox qərb hissədə, aşağı dərinlikdə, məsələn, Naftalan bölgəsində kiçik həcmdə karbohidrogen ehtiyatları var. Əgər fikir versəniz, məsələn Qazaxda insanlar bəzən quyular qazırlar, ordan qaz çıxır, onu təndirdə istifadə edirlər. Ancaq indi sənaye məqsədli karbohidrogen ehtiyatlarının axtarışı ilə bağlı işlərə start verilir. Yəni mən hesab edirəm ki, bu, 2030-cu ildən sonra neftlə bağlı ehtiyatlara kifayət qədər təsir edə biləcək bir amil ola bilər. Hər şey bundan sonra praktik olaraq görülən işlərin nəticəsindən asılı olacaq”.