Vaşinqtonda keçirilən Azərbaycan , Ermənistan və ABŞ liderlərinin görüşü regionda sülh prosesi baxımdan mühüm mərhələ kimi qiymətləndirilir. Görüşdən sonra tərəflərin sülh sazişinin mətni üzərində razılığa gəlməsi, sənədin paraflanması və növbəti addımların müzakirəsi prosesin həlledici mərhələyə daxil olduğunu göstərir.
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, paraflanmış sənədə dəyişiklik etmək mümkün deyil, yalnız tam şəkildə qəbul etmək və ya ləğv etmək olar:
“Paraflamadan sonra sazişi ya tamamilə ləğv edirlər, ya da bir sözünə, bir nöqtəsinə belə toxuna bilmirlər. Məsələn, Ermənistan və Türkiyə vaxtilə sülh protokolları imzaladılar, amma proses sonadək çatmadı. Sənəd nə Ermənistanda, nə də Ankarada təsdiqləndi və nəticədə ləğv olundu. Bu da o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan indiki mətndən razıdır və onu təsdiqləyir. Bu, böyük və hərtərəfli əhəmiyyətə malik məsələdir. İndi əsas şərt odur ki, Ermənistan öz Konstitusiyasını dəyişsin. Bu addım nə qədər tez atılsa, bir o qədər yaxşıdır”.
Məmmədyarov həmçinin əlavə edib ki, ABŞ-ın bu prosesə cəlb olunması siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.