“Armadil Group” MMC məşhur sahibkar Fərhad Əhmədovun təsisçisi olduğu “Baku Kaspian Real İsteyts Limited” (BKRIL) MMC-nin sifarişi ilə Bilgəh qəsəbəsində yerləşən onun rezidensiyasında dam örtüyünün quraşdırılması və sürüşkən terrasın montajı işlərini həyata keçirməli idi.
1xeber.media daxil olan məlumata görə,müqavilə şərtlərində “Armadil Group”un faktiki rəhbəri Fəxrəddin Bağırov materialları Avropadan gətirməli, terras isə İtaliyada istehsal olunmalı idi.
Lakin Fəxrəddin Bağırov müxtəlif “müqavilələr” adı altında etibar qazanaraq bütün vəsaitləri aldı, amma işləri keyfiyyətsiz və çoxsaylı qüsurlarla yerinə yetirdi. Aparılmış tikinti və maliyyə ekspertizaları təsdiqlədi ki, “Armadil Group” öhdəliklərini yerinə yetirməyib. Nəticədə BKRIL MMC-yə 4 milyon manatdan artıq ziyan dəydi.
Məhkəmə mərhələləri
• Bakı Kommersiya Məhkəməsi
BKRIL-in iddiasını əsaslı hesab etdi və onun xeyrinə qərar çıxardı. Qərara əsasən, “Armadil Group” BKRIL-ə 862.443 ABŞ dolları ödəməli idi.
• Bakı Apellyasiya Məhkəməsi
Növbəti mərhələdə qeyri-müəyyən vəziyyət yarandı: Apellyasiya Məhkəməsi “Armadil Group”un qarşı iddiasını təmin etdi, əvvəlki qərarı ləğv etdi və yeni qərar qəbul etdi – şirkətin xeyrinə 2.913.080 ABŞ dolları məbləğində.
• Ali Məhkəmə
Ali Məhkəmə bu qərarı qüvvədə saxladı.
İcra mərhələsində qalmaqal...
İcra sənədi Səbail rayon İcra xidmətinə göndərildi. Lakin məhkəmə icraçılarının hərəkətləri ciddi suallar doğurdu. Onların davranışı “Armadil Group”un “vəkillərinin” işini xatırladırdı: BKRIL-in bütün əmlakına həbs qoyuldu və dəyəri borc məbləğini dəfələrlə üstələyən əmlak Fəxrəddin Bağırova verilməyə cəhd edildi.
Bu prosesdə xüsusi rolu “Veto Consulting” MMC oynadı. Mövcud məlumata görə, şirkət BKRIL-ə məxsus, İçərişəhərdə yerləşən və real dəyəri 20 milyon manatdan artıq olan tarixi binanı cəmi 2,5 milyon manata qiymətləndirdi. Bu isə həmin əmlakın qanunsuz olaraq “Armadil Group”un xeyrinə keçirilməsinə zəmin yaratdı.
Hazırda Səbail rayon İcra xidmətinin hərəkətlərinin qanunsuz sayılması barədə məhkəməyə şikayətlər təqdim olunub və iş baxılma mərhələsindədir.
Ramiz Mehdiyev və Əli Hüseynovun adları keçir....
İddialara görə, “Veto Consulting” MMC Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlıdır. Buna görə də İçərişəhərdəki tarixi obyektin dəyərinin süni şəkildə aşağı salınması və qanunsuz olaraq əldən çıxarılması bu dəstəyin mövcudluğu ilə əlaqələndirilir.
Digər tərəfdən, bildirilir ki, məhkəmə proseslərində və xüsusilə icra mərhələsində “Armadil Group”a hüquqi dəstəyi Milli Məclisin komitə sədri Əli Hüseynov göstərir.
Bu faktlar milyonlarla manatlıq əmlakın taleyinin gizli maraqlar arasında bölüşdürülməsi və arxasında böyük “oyunların” dayandığı barədə ciddi suallar doğurur.
Hadisələrin gedişi, məhkəmə instansiyalarının qərarları və icra mərhələsində müşahidə olunan ziddiyyətlər ictimaiyyətdə ciddi narazılıq doğurur. Xüsusilə bu qalmaqallı işdə Ramiz Mehdiyev və Əli Hüseynovun adlarının hallanması məsələyə siyasi çalar qatır.
Milyonlarla manat dəyərində əmlakın taleyi, məhkəmə qərarlarının obyektivliyi və icra mərhələsində şübhəli hərəkətlər diqqət mərkəzində qalır.
Xüsusilə “Armadil Group”a faktiki, amma gizli “hüquqi dəstək” göstərən şəxslərin rolu və milyonlarla manatlıq əmlakın aqibəti narahatlıq doğurur. Bütün bunlar işə “qaranlıq və narahatedici” xarakter verir.
Məsələ diqqətimizdədir.