Məktəblərdə jurnalların müəllimlərə, dərsliklərin isə şagirdlərə pulla satılması ilə bağlı iddia irəli sürülüb.
1xeber.media oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədəki müəllim qruplarının birində paylaşım edilib.
Qeyd olunub ki, müəllimlərdən tələb olunur ki, yeni jurnallar gələnə kimi müvəqqəti jurnal alsınlar.
"Jurnalın qiyməti üç manatdır. Niyə mən müəllim olaraq jurnalı pulla almalıyam? Niyə nazirliyin vaxtında görmədiyi işə görə müəllim xərcə düşməlidir?" - deyə müəllim vurğulayıb.
Bundan əlavə müəllim bildirib ki, çalışdığı məktəbdə (məktəbin adını qeyd etməyib - red.) VII siniflər üçün ingilis dili, riyaziyyat da daxil olmaqla bir çox dərs vəsaitləri çatışmır.
"Regional idarədən bizə deyilir ki, gələn kitablar bu qədərdir. Amma məktəb kitabxanasında eyni dərsliklər şagirdlərə yeddi manatdan satılır. Həmin qiymət kitabın arxa üzündə də vurulub", - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Oxu.Az-ın sorğusuna cavab olaraq məsələlərə aydınlıq gətirilib.
Jurnalların müəllimlərə satılması məsələsi ilə bağlı bildirilib ki, "Rəqəmsal məktəb" platforması cari ilin fevral-mart aylarından etibarən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində pilot layihə kimi tətbiq olunmağa başlanılıb.
"Layihənin pilot tətbiqi dövründə təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulub, platformanın istifadəsində ortaya çıxan texniki və metodiki çətinliklərin aradan qaldırılması, eləcə də müəllimlərin platformadan istifadəyə hazırlığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Artıq yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən 353 ümumi təhsil müəssisəsində "Rəqəmsal məktəb" platforması tam istifadəyə verilib. Həmin məktəblərdə cari tədris ilindən etibarən kağız jurnallardan istifadə olunmayacaq.
Hazırda platformada qeydiyyat prosesi uğurla başa çatıb. Bütün məktəb rəhbərləri, direktorlar və pedaqoji heyət sistemdə qeydiyyatdan keçib. Şagirdlərin qeydiyyatı isə 63 faiz təşkil edir. Bu gün təhsil müəssisələrində, fənn müəllimləri və sinif rəhbərləri platforma üzərindən dərs cədvəllərinin və şagird siyahılarının aktivləşdirilməsi istiqamətində işləri həyata keçirib, bu prosesdə Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi dəstək komandası formalaşdırılıb.
Məktəblərdə dərs cədvəllərinin təsdiqlənməsi, şagird siyahılarının dəqiqləşdirilməsi, fənn müəllimlərinin siniflərə təyin edilməsi zamanı yarana biləcək texniki və ya pedaqoji çətinliklərin aradan qaldırılması üçün dəstək qrupu təhsil müəssisələri ilə sıx ünsiyyətdədir", - deyə məlumatda bildirilib.
Dərsliklərin paylanılması məsələsinə gəlincə isə, MÜTDA vurğulayıb ki, 2025-2026-cı tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin tədris ili başlananadək dərsliklərlə təmin edilməsi prosesi başa çatıb:
"Nəzərinizə çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumilikdə səkkiz milyona yaxın dərslik "Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydaları"na uyğun olaraq şagirdlərin istifadəsinə ödənişsiz olaraq təqdim edilib".