1xeber.media “The Guardian”-a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsrailin beynəlxalq yarışlardan qadağası üçün şərtləri açıqlayıb.
Mənbənin sözlərinə görə, qadağa 2026-cı il dünya çempionatının seçmə oyunlarına təsir etməyəcək. Məhdudiyyətlər yalnız UEFA-nın müstəqil şəkildə idarə etdiyi yarışlara, xüsusən də Avropa yarışlarına və Millətlər Liqasına şamil oluna bilər. Sanksiyalar tətbiq olunarsa, “Makkabi Tel-Əviv” hazırkı Avropa Liqasından, İsrail millisi isə Millətlər Liqasından kənarda qalacaq.
Sentyabrın 23-də BMT-nin səkkiz mütəxəssisi UEFA-ya və Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edərək İsrailin beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasını istəyib. Onlar bəraət kimi “Fələstində davam edən soyqırımı” göstəriblər.
Bunun ardınca 47 idmançıdan ibarət qrup UEFA-ya müraciət edərək İsrail klublarının və milli komandalarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb ediblər. Məktubu imzalayanların əksəriyyəti futbolçulardır.