Son illər Azərbaycan təhsilində beynəlxalq əməkdaşlıq dalğası genişlənir. Türkiyə-Azərbaycan, Fransız-Azərbaycan və nəhayət, tədris binası yeni açılan İtaliya–Azərbaycan Universiteti bu zəncirin davamıdır.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.
Birgə yaradılan universitetlər infrastruktur, akademik tərəfdaşlıq və beynəlxalq diplom imkanları ilə ölkənin ali təhsil məkanında yenilik hesab olunur. Ekspertlər bildirirlər ki, belə layihələrin davamlı yerli elmi potensialın sistemə inteqrasiyası ilə mümkündür.
1xeber.media xəbər verir ki,Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışı ölkəmizin təhsil və beynəlxalq əməkdaşlıq tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, sözügedən təşəbbüs təkcə yeni bir ali məktəbin fəaliyyətə başlaması demək deyil, həm də Azərbaycanın İtaliya, bütövlükdə isə Avropa ilə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirən, bilik və təcrübə mübadiləsinə geniş meydan açan layihədir.
“Azərbaycan uzun illərdir ki, təhsilin beynəlmiləlləşməsini öz inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirib. Müasirdövrdə bilik və innovasiya milli sərhədləri aşaraq ümumbəşəri dəyərə çevrilib. Bu baxımdan, ikitərəfli universitet layihələri ölkəmizə təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni elmi yanaşmaların tətbiqi və müasir kadrlara tələbin ödənilməsi baxımından mühüm imkanlar qazandırır. İtaliya kimi qədim universitet ənənələrinə malik bir ölkə ilə əməkdaşlıq gənclərə Avropa standartlarına uyğun təhsil almaq imkanı verir, eyni zamanda Azərbaycan universitetlərinin də beynəlxalq reytinqlərdə daha öncul mövqeyə çıxmasına şərait yaradır”.
O həmçinin bildirib ki, İtaliya–Azərbaycan Universitetinin fəaliyyəti tələbə və müəllim mübadiləsi baxımından da xüsusi əhəmiyyət daşıyacaq.
“Tələbələr həm Azərbaycanda, həm də İtaliyada təhsil alaraq Avropa ali məktəb sisteminin üstünlüklərindən yararlanacaqlar. Bu, yalnız fərdi inkişaf üçün deyil, həm də ölkənin gələcək intellektual potensialının inkişafı üçün də mühüm amildir. Paralel olaraq, birgə diplom proqramlarının təşkili Azərbaycan gənclərinə həm milli, həm də beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandıracaq”.
Deputat onu da nəzərə çatdırıb ki, təbii olaraq, elm və innovasiya müstəvisində də bu əməkdaşlıq diqqətəlayiqdir:
“Universitet yalnız tədris ocağı deyil, həm də tədqiqat və inkişaf mərkəzi kimi fəaliyyət göstərəcək. Enerji, texnologiya, mühəndislik, memarlıq və incəsənət sahələrində İtaliyanın zəngin təcrübəsi Azərbaycana ötürüləcək, yerli alim və mütəxəssislər üçün yeni imkanlar açılacaq. Bu isə milli innovasiya sisteminin inkişafına güclü təkan verəcək”.
Onun fikrincə, digər bir mühüm aspekt mədəniyyətlərarası dialoqdur:
“Təhsil sahəsində əməkdaşlıq ölkələr arasında yalnız iqtisadi və elmi deyil, həm də humanitar münasibətləri gücləndirir. Gənclərin birgə layihələrdə iştirakı, müxtəlif xalqların bir-birini daha yaxından tanıması xalqlar arasında qarşılıqlı etimadın və dostluğun möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu təşəbbüslə bir daha göstərir ki, mədəniyyətlərarası əməkdaşlıq və humanitar diplomatiya onun xarici siyasətinin mühüm dayaqlarındandır”.
Yekun olaraq deputat vurğulayıb ki, İtaliya-Azərbaycan Universiteti ölkəmizin gələcəyinə qoyulan strateji investisiyadır:
“Bu layihə həm gənclərə yüksək keyfiyyətli təhsil almaq imkanı verir, həm elmi-innovativ əməkdaşlığı gücləndirir, həm də iki xalqı mədəni və humanitar baxımdan bir-birinə daha da yaxınlaşdırır. Azərbaycanın müasir inkişaf kursu, təhsilin qlobal meyarlara uyğunlaşdırılması və intellektual potensialın gücləndirilməsi baxımından bu addım mühüm əhəmiyyət kəsb edir”,- deyə E.Mirzəbəyli bildirib.