Elm və təhsil naziri Emin Əmrullayevin prezidenti olduğu Azərbaycan Basketbol Federasiyası (ABF) Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cərimələnib.
1xeber.media xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən "ST Georgia LTC" şirkəti tərəfindən Azərbaycan Basketbol Federasiyasına idman məhsulları göndərilib.
Həmin məhsullara görə ABF tərəfindən Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə riayət edilməyib. Belə ki, gömrük orqanlarına mallara dair qısa idxal bəyannaməsi nəzərdə tutulan müddətdə təqdim edilməməyib.
Nəticədə ABF barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xəbərdar olunmasına baxmayaraq, federasiya öz nümayəndələrinin məhkəmədə iştirakını təmin etməyib. Həmçinin məhkəməyə daxil olan işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını da xahiş etməyiblər.
Məhkəmənin qərarı ilə federasiyanın rəhbəri barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.